Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir M.Əliyev/
Azərbaycanda "Mədəniyyət haqqında" yeni qanun mədəniyyət məcəlləsi kimi qəbul edilə bilər. Bu təşəbbüs çərşənbə axşamı parlament komitəsinin iclasında parlamentin Mədəniyyət komitəsi və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən irəli sürülüb.
"Əksər ölkələrdə mədəniyyət məcəlləsi var", - Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib.
İclasda qeyd edilib ki, məcəllənin qəbul edilməsi dövlət tərəfindən mədəniyyət sahəsinin tənzimlənməsinə xidmət edəcək.
Çərşənbə axşamı Mədəniyyət və Turizm Nazirliyi "Mədəniyyət haqqında" yeni qanunla bağlı öz təkliflərini təqdim edib.
"Yeni qanunla mədəniyyət sahəsi ilə məşğul olan bütün şəxslərin hüquqları təmin edilməlidir", - Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanov deyib.