...

Danimarka azərbaycanlıları 9 yaşlı azərbaycanlı uşağının öldürülməsi ilə bağlı etiraz aksiyası keçiriblər (FOTO)

Cəmiyyət Materials 23 Aprel 2011 22:46 (UTC +04:00)
Şənbə günü Danimarkanın paytaxtı Kopenhagen şəhərində 9 yaşlı azərbaycanlı uşaq, Ağdam rayonu Orta Qarvənd kənd sakini Fariz Bədəlovun Ermənistan Silahlı Qüvvələrinin snayperi tərəfindən qətlə yetirilməsi ilə bağlı etiraz aksiyası keçirilmişdir.
Danimarka azərbaycanlıları 9 yaşlı azərbaycanlı uşağının öldürülməsi ilə bağlı etiraz aksiyası keçiriblər (FOTO)

Azərbaycan, Bakı, 23 aprel /Trend/

Şənbə günü Danimarkanın paytaxtı Kopenhagen şəhərində 9 yaşlı azərbaycanlı uşaq, Ağdam rayonu Orta Qarvənd kənd sakini Fariz Bədəlovun Ermənistan Silahlı Qüvvələrinin snayperi tərəfindən qətlə yetirilməsi ilə bağlı etiraz aksiyası keçirilmişdir. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatında bildirilir.

Danimarka Azərbaycan Gənclər Təşkilatının təşkil etdiyi nümayişdə Azərbaycan Türk Qadınlar Birliyinin nümayəndələri, Danimarkada yaşayan azərbaycanlılar, danimarkalı və türk gənclər iştirak etmişlər. Danimarka Azərbaycan Gənclər Təşkilatının həmsədrləri Emil Elxan və Kasper Sorensenin verdiyi məlumata görə, nümayiş iştirakçıları Kopenhagenin mərkəzi meydanı - Rodhuspladsda toplaşaraq Fariz Bədəlovun qətlini və Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini pisləyən şüarlarla şəhərin mərkəzi küçəsi ilə Danimarka parlamentinin binası önünə yürüş etmişlər. Nümayişçilər hərəkət zamanı 9 yaşlı Fariz Bədəlovun şəkillərini və qətl hadisəsi barədə məlumat olan vərəqləri insanlara paylamışlar.

Danimarka parlamentinin binası qarşısında nümayişçilər çoxsaylı etiraz plakatları sərgiləmiş, erməni işğalına və azərbaycanlıların soyqırımına son qoyulmasını tələb edən şüarlar səsləndirmişlər. Parlamentin qarşısında keçirilən bu nümayiş həmçinin ermənilərin qondarma soyqırımı iddialarını və bu məqsədlə aksiya keçirmə arzularını önləmişdir.

Etiraz aksiyasının sonunda Danimarka Azərbaycan Gənclər Təşkilatının həmsədrləri Emil Elxan və Kasper Sorensen nümayişçilərin qəbul etdiyi və iki dildə - Azərbaycan və Danimarka dilində tərtib olunmuş bəyanatı oxumuş, daha sonra həmin bəyanat parlamentə təqdim olunmuşdur.

Danimarka Azərbaycan Gənclər Təşkilatı Ermənistanın gələcəkdə də Azərbaycan torpaqlarının işğalına, azərbaycanlıların soyqırımına məruz qalmasına etiraz əlaməti olaraq müxtəlif kütləvi aksiyaların keçirilməsində israrlı olduğunu bildirərək, bütün dünya azərbaycanlılarını bu mübarizədə fəal və qətiyyətli olmağa çağırmışdır.

Xəbər lenti

Xəbər lenti