Azərbaycan, Bakı, 22 noyabr / Trend müxbir İ.İsabalayeva/
Azərbaycanda fəaliyyət göstərən bələdçilərin əməyinin ödənilməsi üçün təkliflər hazırlanacaq. Trend-in məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Turizm İnstitutunda keçirilən tədbirdə bununla əlaqədar məsul işçilərə tapşırıq verib.
Nazir bildirib ki, bələdçi işləyənlər həm müstəqil, həm də hansısa müəssisədə fəaliyyət göstərə bilərlər.
"Onlar müstəqil şəkildə müqavilə bağlaya bilərlər. Eyni zamanda, bələdçilərin hansısa şirkətlə, mehmanxana ilə müqavilə əsasında işləməsi də mümkündür. Bələdçilərə əməklərinin müqabilində müvafiq məbləğ ödənilməlidir", - Qarayev qeyd edib.
O əlavə edib ki, ölkədə bələdçi sisteminin yenidən qurulmasına və müvafiq qayda, normaların tətbiqinə çox böyük ehtiyac var. Nazir hesab edir ki, gələn ilin fevral ayında nazirliyin kollegiyasının qərarı ilə bu işin icrasına başlamaq olar.
Çərşənbə axşamı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ATİ-də bələdçi kurslarının müdavimlərinə sertifikatlar təqdim edib və birinci kurs tələbələri ilə görüşüb. ATİ-nin rektoru, professor Cəfər Cəfərov bildirib ki, bələdçilik kursu 2011-ci ilin fevralından fəaliyyətə başlayıb və may ayında başa çatıb.
Kursda iştirak etmək üçün müraciət edərək qeydiyyatdan keçmiş namizədlər kursa başlamadan öncə aparılan dil imtahanının nəticəsi məqbul olduğu halda kursda iştirak şansını qazanır. Əks təqdirdə kurs iştirakçıları sırasına daxil edilmir. Kurs nəzəriyyə və praktika olmaqla iki proqram əsasında fəaliyyət göstərir. İlk kursda 16 nəfər iştirak edib. Onlardan hər biri kursu dinləyici kimi müvəffəqiyyətlə bitirib. Ancaq bəzi şəxsi səbəblərdən imtahanda 14 nəfər iştirak edib və onlar imtahanı uğurla veriblər. Hazırda bələdçilik kursu fəaliyyətini davam etdirir. Dinləyicilərin sayı 7 nəfərdir.