Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir K.Zərbalıyeva/
Cəmiyyətdə gender balansı problemi bütün dünyanın diqqət mərkəzindədir. Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib.
Komitə sədri bildirib ki, BMT, Avropa Şurası və digər mötəbər beynəlxalq təşkilatların hər bir ölkədə qadın hüquqlarının müdafiəsinə böyük həssaslıqla yanaşması təsadüfi deyil.
Onun fikrincə, həssas yanaşma psixoloji və fiziki təzyiqin bütövlükdə qadın hüquqlarına ciddi xələl gətirmək ehtimalından doğur.
"Bu gün bizə sözünü beynəlxalq tribunalardan qətiyyətlə deyə bilən, qlobal məsələlərin həllinə layiqli töhfə verməyə qadir olan qadınlar lazımdır. Fərəhlidir ki, bu gün ölkəmizin həyatında önəmli rol oynayan, hər birimiz üçün gözəl nümünə olan Azərbaycan qadın hərəkatının lideri, sevimli birinci xanımımız, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva bütün bu keyfiyyətləri özünün təkrarsız şəxsiyyətində üzvi surətdə birləşdirir. O, həm nüfuzlu ictimai xadim, həm istedadlı alim, həm qayğıkeş ana, həm də layiqli həyat yoldaşıdır. Hər bir Azərbaycan qadınının, ailəsinin və uşağının problemlərini özünün diqqət mərkəzində saxlayan Mehriban xanımın təşəbbüsü ilə uşaqların sağlamlığı, təhsili və tərbiyəsi sahəsində böyük layihələr uğurla gerçəkləşdirilir", - Hüseynova deyib.
Komitə sədri qeyd edib ki, gələcək vətəndaşların tərbiyəsi, savadı, mədəniyyəti, zehni inkişafı, vətənpərvərliyi, ilk növbədə, cəmiyyətə yeni nəsil bəxş edən qadından asılıdır.
"Qadın kişi ilə bərabər iqtisadiyyat, mədəniyyət, elm və incəsənətin bütün sahələrində fəal iştirak edir. İndi elə bir sahə tapmaq olmaz ki, orada qadın əməyi təmsil olunmasın. Qadınlarımızın bir qismi mühüm dövlət vəzifələrində uğurla çalışır", - o deyib.
Onun sözlərinə görə, qərar qəbuletmədə qadınların sayını artırmaq prioritet vəzifələrdəndir.
"Lakin gender siyasətinin məqsədi yalnız statistik göstəricini artırmaq deyil, eyni zamanda, ictimai şüuru dəyişməkdir. Bu gün, ümumiyyətlə, ölkənin ictimai-siyasi həyatında qadınların rolunun artırılması zəruridir", - Komitə sədri deyib.
Hüseynovanın fikrincə, yeni əsrin qadını intellektual səviyyəsini daim artırmalı, yüksək təhsilə malik kamil şəxsiyyət kimi formalaşmalıdır. O, milli keyfiyyətləri ümumbəşəri dəyərlərlə uzlaşdırmalı, hüquqlarını dərindən bilməli, özünü zorakılığın bütün formalarından qorumağa qadir olmalıdır.
"Yalnız bütün bu amillərin birgə təsiri sayəsində qadınlar ictimai inkişafın katalizatoru funksiyasını yerinə yetirə və cəmiyyətdə sosial harmoniyanın tənzimlənməsini həyata keçirə bilərlər", - o deyib.