...

Azərbaycanda dövlət uşaq müəssisələrini tərk edən uşaqlarla bağlı milli strategiya hazırlanmalıdır

Cəmiyyət Materials 11 Aprel 2012 16:30 (UTC +04:00)
Dövlət uşaq müəssisələrini tərk edən uşaqlar bir sıra problemlərlə üzləşirlər.
Azərbaycanda dövlət uşaq müəssisələrini tərk edən uşaqlarla bağlı milli strategiya hazırlanmalıdır

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Dövlət uşaq müəssisələrini tərk edən uşaqlar bir sıra problemlərlə üzləşirlər. Bu gənclər yaşamağa və işləməyə yer tapmır, bu səbəbdən də kriminal qruplaşmaların təsirinə düşürlər. Ekspertlər belə uşaqlarla bağlı yaranmış problemləri bir neçə amillə əlaqələndirirlər.

Uşaq Hüquqları üzrə QHT Alyansının milli əlaqələndiricisi Nabil Seyidov Trend-ə bildirib ki, dövlət uşaq müəssisələrini 16-18 yaşında tərk edən uşaqlarla bağlı ciddi problemlər var.
Onun sözlərinə görə, dövlət uşaq müəssisələrində keyfiyyət standartları olmadığından, gənclərin müstəqil həyata hazırlanması və qayğını tərk etmə prosesi planlı halda aparılmır.

Müəssisə tərəfindən tərk etməyə hazırlıq mərhələsində uşaqlara peşə bacarıqları öyrədilmir. Həmçinin, uşaqlara müstəqil həyat bacarıqları aşılanmır, sosial problemlərin həlli yolları, müxtəlif zəruri məsələlərin, o cümlədən yaşayış yerinin tapılması, təhsilin davam etdirilməsi, iş axtarışı, ailə qurulması və digər bu kimi məsələlərə dair məsləhətlər verilmir, dəstək göstərilmir.

Ekspert müəssisələri tərk etməkdə olan və tərk etmiş uşaqların qarşılaşdıqları problemləri dörd qrupa ayırır - işsizlik, təhsil və peşə yönümlü tədris, yaşayış yeri (mənzil) və psixi sağlamlıq.

Onun sözlərinə görə, işsizlik təhsillə sıx bağlıdır, lakin dövlət uşaq müəssisələrində təhsilin keyfiyyəti orta ümumtəhsil məktəbləri ilə müqayisədə aşağıdır.

"Müxtəlif dövrlərdə aparılmış tədqiqatlar onu göstərir ki, internat müəssisələrində tərbiyə və təhsil alan uşaqların keyfiyyətli təhsil almaq və inkişaf etmək imkanları daha məhduddur. Nəticə etibarilə internat müəssisələrində təhsil alan uşaqların ali məktəblərə qəbul olma imkanları xeyli məhdud və demək olar ki, sıfıra bərabərdir. İnternat müəssisələrində peşə yönümlü təhsilə də lazımi səviyyədə diqqət yetirilmir. İnternatlarda peşə təliminin lazımi səviyyədə təşkili üçün zəruri texniki imkanlar, müasir bazar iqtisadiyyatının tələbləri əsasında qurulmuş tədris planı (kurrikulum) və müvafiq avadanlıq və digər tədris vəsaitləri də mövcud deyil", - o deyib.

Ekspert hesab edir ki, internat məktəblərini bitirən uşaqlar üçün iş tapmaq problem olduğundan, belə müəssisələrdə peşə yönümlü təhsilin önə çəkilməsi olduqca vacibdir. Onun fikrincə, peşə yönümlü təhsil mütləq əmək bazarında aparılmış tədqiqatın nəticələrinə əsasən qurulmalıdır ki, uşaqlara verilən peşə bacarıqları onlara müəssisəni tərk etdikdən sonra işlə təmin olunmağa kömək etmiş olsun.

Müəssisələrdə qayğını tərk etməyə hazırlaşan uşaqlarla bağlı fəaliyyətin gücləndirilməsinə ehtiyac olduğunu vurğulayan Alyans rəhbəri deyir ki, dövlət qayğısını tərk etməyə hazırlaşan uşaqlar peşə hazırlığına erkən - ən azı 13-14 yaşından - yönəldilməlidir.

"Əgər onlar peşə hazırlığına yönəldilərsə, müəssisələri tərk etdikdən sonra müəyyən iş tapa və öz problemlərini qismən də olsa həll edə bilərlər", - Seyidov deyib.

Bu uşaqların ən böyük çətinliklərinin qayğını tərk etdikdən sonra başladığını diqqətə çatdıran Seyidov bildirib ki, bu uşaqlar təhsillərini davam etdirə bilmir, yoxsul olduqlarından tibb xidmətlərinə çıxışları məhdudlaşır.

Həmçinin, yaşayış yeri olmayan uşaqlar internatı tərk etdikdə müvafiq icra hakimiyyəti orqanları tərəfindən heç bir yaşayış sahəsi ilə təmin edilmirlər.

Əsas problemlərdən birinin də bu müəssisələrdə olan uşaqların əmlaklarının və mülklərinin qorunmaması ilə bağlı olduğunu deyən ekspert bildirib ki, uşaqlar müəssisələrə düşdükdən sonra onların əmlakları ya valideynləri, ya da qohumları tərəfindən yerli icra qurumları ilə "razılaşma" əsasında digər şəxslərə satılır.

"Qanuna görə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların mülkiyyətində olmuş özəlləşdirilmiş mənzil sahələri ilə bağlı hansısa qərar qəbul edilərkən qəyyumluq və himayəçilik orqanları, icra hakimiyyətlərindəki yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyaların razılığı alınmalıdır. Təcrübədə isə bir çox hallarda komissiyanın ya bu məsələlərdən xəbəri olmur, ya da komissiyanın iştirakı yalnız formal xarakter daşıyır. Bunun nəticəsində mütəmadi olaraq yuxarıda qeyd olunan məsələlərlə bağlı uşaqların mülkiyyət hüquqları ciddi şəkildə pozulur", - Seyidov deyir.

Onun sözlərinə görə, uşaqların əmlak hüquqları sahəsində problemlər onların dövlət uşaq müəssisələrinə yerləşdirildiyi andan başlayır. Belə ki, müəssisəyə yerləşdirildikdən dərhal sonra onların yaşadıqları və iddia etmək hüquqları olduğu mənzillər ailələri və ya qohumları tərəfindən mənimsənilir, uşaqların xəbəri olmadan və onların hüquqları təmin olunmadan hərraca cıxarılır, qanunsuz olaraq özəlləşdirilir və qohumları və ya valideynləri tərəfindən satılır.

Alyans rəhbəri deyir ki, yerli icra qurumları müəssisələri bitirmiş uşaqlara yaşayış yeri tapmağa kömək etmirlər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq və ailələrə dəstək mərkəzi şəbəkəsinin rəhbəri Ceyran Rəhmətullayeva da Trend-ə uşaq müəssisələrinə düşən uşaqların mülkiyyət hüququ ilə bağlı ciddi problemlərin olduğunu deyib.

Komitə rəsmisinin fikrincə, belə uşaqların uşaq müəssisələrinə düşən gündən taleyi, mülkiyyətlərinin qorunub saxlanması gündəmdə saxlanılmalıdır.

O bildirib ki, ailələr dağılandan sonra uşaqların mülkiyyəti valideynlər arasında bölüşdürülür. Valideynlərini itirən uşaqların mülkiyyəti isə onların yaxın qohumları tərəfindən qanunsuz olaraq uşaqların adından çıxarılır və satılır.

Rəhmətullayeva bildirib ki, belə uşaqların rastlaşdığı ən aktual problem mənzil problemidir.

Onun sözlərinə görə, sovet dövründə icra hakimiyyəti orqanlarının mənzil fondundan uşaq müəssisələrini tərk edən uşaqlara mənzil verilirdi. Həmçinin, onların işlə təminatı məqsədilə dövlət orqanlarında kvotalar müəyyən olunurdu.

"İndi yerli icra hakimiyyəti orqanlarının mənzil fondları yoxdur. Belə uşaqların mənzillə təmin olunması problemli məsələdir. Komitəyə fərdi şəkildə olunan müraciətlər əsasında onlara yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin köməyi ilə yalnız torpaq sahələrinin alınmasına nail oluruq. Bəzi hallarda iş adamlarının maddi yardımı ilə ev tikilir", - o deyib.

Rəhmətullayeva özəl sektorun uşaq müəssisələrini tərk edən uşaqların mənzillə təmin olunmasında rolunu vacib sayır. O, hesab edir ki, yeni inşa edilən binalarda belə uşaqlar üçün mənzillər ayrılmalıdır.

Bu sahədə Türkiyə təcrübəsinə istinad edən komitə rəsmisi düşünür ki, Azərbaycanda da belə uşaqların işlə təmin olunması məqsədilə dövlət orqanlarında kvotalar ayrılmalı, belə uşaqlar işə götürülməlidir.

Problemə sistemli yanaşmanı vacib sayan Rəhmətullayeva hesab edir ki, belə uşaqlarla bağlı xüsusi strategiya hazırlanmalı, onların problemlərinin həlli məqsədilə kompleks tədbirlər həyata keçirilməlidir.

O, bu problemlərin kökündə valideyn məsuliyyətsizliyinin dayandığını deyib.

"Uşaq müəssisələrinə düşən uşaqların 70 faizinin ata-anası var. Bu müəssisələrdə tam kimsəsiz uşaqların sayı çox azdır. Onların da taleyinə vaxtında və düzgün yanaşılsa, problemlər yaranmaz", - o deyib.

Ali Məhkəmənin mülki işlər üzrə kollegiyasının hakimi Əsəd Mirzəliyev Trend-ə deyib ki, dövlət uşaq müəssisələrindəki uşaqların bütün hüquqları, o cümlədən mülkiyyət hüquqları yerli icra hakimiyyətlərindəki müvafiq komissiyalar, qəyyumluq himayəçilik orqanları tərəfindən qorunmalıdır.

Həmin qurumlar belə uşaqların hüquqlarını müdafiə etməlidirlər.
"Həmin uşaqların valideynlərindən miras əmlak qalıbsa, həmin əmlakın varislik qaydasında qəbul olunması həll olunmalıdır. Bu əmlakın alqı-satqısında həmin orqanlar iştirak etməlidir", - Mirzəliyev deyib.

Onun sözlərinə görə, bu uşaqların mülkiyyət hüquqları pozularsa, onların əmlakları qanunsuz olaraq qohumları və digər şəxslər tərəfindən özününküləşdirilərsə, onlar 18 yaşa çatandan sonra mülkiyyət hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət edə bilərlər.

Təcrübədə uşaqlara məxsus pay torpaqlarının valideynləri tərəfindən satılması hallarına rast gəlindiyini deyən hakim bildirib ki, Ali Məhkəmə tərəfindən belə qərarlar ləğv edilib.

"Valideynlər uşağın payı ilə bağlı həmin torpaq sahəsi üzərində sərəncam verə bilməz. Uşaq qəyyumluqda, himayəçilikdədirsə, həmin torpaqlar qəyyumluq, himayəçilik orqanının razılığı alınmaqla satılmalıdır", - məhkəmə hakimi deyib.

Uşaq Hüquqları üzrə QHT Alyansının milli əlaqələndiricisi Seyidov uşaq müəssisələrini tərk edən uşaqların problemlərinin həlli məqsədilə bəzi tədbirlərin həyata keçirilməsini vacib sayır.

O hesab edir ki, hökumət müəssisələri tərk edən uşaqlarla əlaqədar məsələləri, o cümlədən onların sosial, texniki peşə və ali təhsil, sağlamlığın mühafizəsi, habelə onların zorakılıq hallarından müdafiəsi məsələlərini həll etmək üçün milli konsepsiya və ya strategiyaya malik olmalıdır.

Onun sözlərinə görə, dövlət qayğı sistemini və ya alternativ qayğını tərk etmiş 18-24 yaşlı gənclərin təhsili və işlə təmin olunması məsələləri, həmçinin bu gənclərin peşə təhsilinə cəlb edilməsi və ya digər lazımi xidmətlərlə əhatə edilməsinə yönəlik xüsusi dövlət proqramı və ya milli fəaliyyət planı hazırlanmalı, bu sahəyə dövlət tərəfindən dəstək verilməlidir.

Seyidov hesab edir ki, belə uşaq və gənclər üçün sığınacaqlar və ya müvəqqəti yerləşdirmə xidmətləri, məsələn, gənclər evləri, güzəştli ipoketa əsasında mənzillər, ailə yataqxanaları və s. olmalıdır.

Xəbər lenti

Xəbər lenti