...

Azərbaycanda qanunsuz sahibkarlıqla məşğul olan Özbəkistan vətəndaşı həbs olunub

Cəmiyyət Materials 30 İyul 2012 14:39 (UTC +04:00)
Azərbaycanın təhlükəsizlik orqanları qanunsuz sahibkarlıqla məşğul olan Özbəkistan vətəndaşını saxlayıb.
Azərbaycanda qanunsuz sahibkarlıqla məşğul olan Özbəkistan vətəndaşı həbs olunub

Azərbaycan, Bakı, 30 iyul / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanın təhlükəsizlik orqanları qanunsuz sahibkarlıqla məşğul olan Özbəkistan vətəndaşını saxlayıb.

Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzindən Trend-ə verilən məlumata görə, həyata keçirilən digər əməliyyat tədbiri nəticəsində qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq, yəni tələb olunan lisenziyanı almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan Özbəkistan Respublikasının vətəndaşı İskanderov Pulat İskanderoviç saxlanılıb.

Məlum olub ki, Pulat İskanderov və qeyriləri "Bakcell Ltd" MMC-nin mobil operator şəbəkəsində birtərəfli telefon danışıqları təşkil edən avadanlığa xüsusi texniki vasitələrlə qoşularaq icazəsiz beynəlxalq rabitə xidməti yaradıb külli miqdarda pul qazanmaq məqsədilə cinayət əlaqəsinə giriblər.

Bundan sonra, adları çəkilən şəxslər xaricdə istehsal olunmuş "GSM" kanalpaylayıcılarını və digər texniki avadanlıqları əldə edib və onları Bakı şəhərində müxtəlif ünvanlarda yerləşən mənzillərdə quraşdırıblar. Pulat İskanderov "Bakcell Ltd" MMC-yə məxsus, ayrı-ayrı şəxslərin adına sənədləşdirilmiş 245 ədəd "GSM" mobil telefon nömrəsi alıb, bu nömrələri həmin xüsusi texniki avadanlıqlara daxil etdikdən sonra internetə qoşularaq Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin beynəlxalq avtomat telefon stansiyasında qeydiyyatdan keçmədən icazəsiz birtərəfli beynəlxalq telefon danışıqlarının ölkə rabitə şəbəkəsinə daxil olmasını təşkil edib. Göstərilən ünvanlara baxış keçirilərkən həmin avadanlıqlar işlək və şəbəkəyə qoşulmuş vəziyyətdə aşkar olunub.

Müəyyən edilib ki, qısa müddət ərzində qanunsuz təşkil edilmiş beynəlxalq telefon danışıqları nəticəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təxminən 104 min manatdan artıq ziyan vurulub.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.2-ci (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqla məşğul olma) maddələri ilə cinayət işləri başlanılıb.

İskanderov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti