Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir M.Əliyev/
Azərbaycanın Milli Qəhrəmanı Şövqiyar Abdullayevin şəhid olmasının 20-ci ildönümündə ona həsr olunmuş "Şövqiyar" adlı kitabın təqdimat mərasimi keçirilib.
Trend-in məlumatına görə, tədbirdə çıxış edən jurnalist-publisist Hikmət Məlikzadə Abdullayevin döyüş yolundan və dövlət tərəfindən onun qəhrəmanlğına verilən qiymətdən danışıb.
Daha sonra Milli Qəhrəmanın atası Cəmil Abdullayev çıxış edərək bildirib ki, nəşr olunan kitab oğluna qoyulmuş bir əbədiyyət heykəlidir. "Lakin ən böyük arzum işğal olunmuş torpaqların azad olunması və Şövqiyarın vuruşduğu ərazidə onun abidəsinin ucaldılmasıdır", - Cəmil Abdullayev deyib.
Kitabın müəllifi Natella Asenadır (Hacıyeva). Kitabda Ş.Abdullayevin həyat yolu, keçdiyi döyüş səhnələri və tanıyanların onun haqqında xatirələri yer alıb.
Milli Qəhrəman Şövqiyar Cəmil oğlu Abdullayev 5 aprel 1969-cu ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub. 1989-cu ildə Monqolustanda Sovet ordusunun tank qoşunları hissəsində hərbi xidmətini başa vuraraq Azərbaycana qayıdır və könüllü olaraq erməni təcəvüzkarlarına qarşı döyüşlərə qoşulur. O, 1992-ci ilin avqustun 27-də Ağdərə rayonu, Sərhəng su hövzəsi yaığnlığında gedən döyüşlərdə qəhrəmancasına həlak olur. Ş.Abdullayevə 5 fevral 1993-cü ildə Azərbaycan Prezidentinin fərmanı ilə ölümündən sonra Milli Qəhrəman adı verilir.