...

TQDK sədri təhsil ictimaiyyətinə müraciət etdi

Cəmiyyət Materials 1 Fevral 2013 12:54 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası buraxılış imtahanlarında iştirak etməyən şagirdlərin sonrakı taleyinin araşdırılması üçün təhsil ictimaiyyətinə müraciət edib.
TQDK sədri təhsil ictimaiyyətinə müraciət etdi

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası buraxılış imtahanlarında iştirak etməyən şagirdlərin sonrakı taleyinin araşdırılması üçün təhsil ictimaiyyətinə müraciət edib.

Trend-in məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə cümə günü 2012-2013-cü tədis ili üçün tələbə qəbulunun nəticələrinə həsr edilən tədbirdə deyib ki, ötən il 5000-dən çox 11-ci sinif məzunu buraxılış imtahanında iştirak etməyib. Həmin şəxsər TQDK-nın sonradan keçirilən təkrar imtahanlarına da qatılmayıblar.

"Belə də sual olunur ki, o uşaqlar haradadırlar? Biz təhsil ictimaiyyətinə də müraciət edirik ki, məsələni araşdırsınlar. Əgər həmin uşaqların attestatı varsa, bizə bu barədə məlumat verilsin. Ancaq bu başqa bir sual da doğurur. Bu uşaqlar imtahanlarda iştirak etməyiblərsə, attestatı necə əldə ediblər?", - Abbaszadə deyib.

TQDK sədri bildirib ki, məzunlara orta məktəbdə yazılan qiymətlərlə onların buraxılış imtahanındakı qiymətləri və qəbul imtahanlarında topladıqları ballar arasında uyğunsuzluq hələ də müşahidə edilir.

Əlaçılar arasında imtahanda aşağı nəticə göstərənlərin olmamasını vacib sayan Abbaszadə bu tədris ili üzrə keçirilən qəbul imtahanlarında məzunlarının əsas hissəsinin 100 baldan aşağı nəticə göstərdiyi rayonların adlarını da açıqlayıb.

Onun sözlərinə görə, həmin rayonlar Naftalan, Ağsu, Şabran, Xaçmaz, Hacıqabul, Naxçıvan Muxtar Respublikasının Sədərək, Culfa rayonlarıdır. Bu rayonlarda abituriyentlərin 40 faizindən çoxu 100-dən aşağı bal toplayıb. Ümumilikdə ölkə üzrə isə məzunlarn 30 faizi 0-100 bal nəticə göstərib.

Abbaszad deyib ki, ali məktəblərə qəbul imtahanlarında 150-200 bal toplayan abituriyentlərin akademik göstəriciləri, onların ali məktəblərdə oxuya bilib-bilməməsi ilə maraqlanacaq. Onun sözlərinə görə, ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərənlər dövlət sifarişli yerlərə qəbul olan abituriyentlər olur. Qəbul zamanı əsas müsabiqə vəziyyəti də dövlət sifarişli plan yerləri üzrə yaranır. Özəl ali məktəblərdə isə kifayət qədər boş yerlər qalır.

Abbaszadə deyib ki, Azərbaycanda ali məktəbə qəbul olma göstəricisi şəhər məzunları arasında daha yüksəkdir. Bu, daha çox əhalinin iqtisadi vəziyyəti ilə əlaqədardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti