...

Ombudsmanların XI Bakı Beynəlxalq konfransı keçirilir (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 18 İyun 2013 11:30 (UTC +04:00)
Bakıda 18 iyun - İnsan Hüquqları Günü, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 65 illiyi münasibətilə Müvəkkil tərəfindən sayca on birinci olan "Davamlı inkişaf strategiyalarının yeni mexanizmlərinin insan hüquqlarının müdafisəində və təbliğində rolu" mövzusuna həsr olunmuş Ombudsmanların növbəti ənənəvi Bakı Beynəlxalq konfransı keçirilir.
Ombudsmanların XI Bakı Beynəlxalq konfransı keçirilir (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir İ.İzzət/

Bakıda 18 iyun - İnsan Hüquqları Günü, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 65 illiyi münasibətilə Müvəkkil tərəfindən sayca on birinci olan "Davamlı inkişaf strategiyalarının yeni mexanizmlərinin insan hüquqlarının müdafizəsində və təbliğində rolu" mövzusuna həsr olunmuş ombudsmanların növbəti ənənəvi Bakı Beynəlxalq konfransı keçirilir.

Trend-in məlumatına görə, YUNESKO-nun dəstəyi ilə təşkil olunan beynəlxalq konfransda Avropa, Asiya və Amerikanın 10-dan artıq ölkəsindən 20-dən çox ombudsman və onların nümayəndələri, o cümlədən Kanada, Türkiyə, Niderland, Bolqarıstan, Pakistan, Rusiya Federasiyası və subyektlərinin, habelə Moldova, Gürcüstan, Estoniya və digər ölkələrin təmsilçiləri, insan hüquqları sahəsində beynəlxalq ekspertlər, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri, tanınmış hüquqşünas alimlər iştirak edirlər.

Konfransın açılışında çıxış edən Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova bildirib ki, 18 iyun- Azərbaycanda Milli İnsan Hüquqları Günü kimi qeyd olunur.

Onun sözlərinə görə, bu günədək ombudsmanların Bakıda təşkil olunmuş 10 beynəlxalq konfransında 40-dan çox ölkənin ombudsmanları və əməkdaşları iştirak ediblər.

O qeyd edib ki, dünyada insan hüquqları sahəsində təcrübə mübadiləsi xüsusi önəm daşıyır.

Elmira Süleymanova bildirib ki, Ermənistanın Azərbaycana qarşı 20 ildən artıqdır davam edən təcavüzünə baxmayaraq, Azərbaycan öz inkişaf tempinə görə, son illər dünyada öndə gedən dövlətlər sırasına çıxıb, ölkədə 1 milyondan artıq iş yeri açılıb, yoxsulluq həddi 49 faizdən 6 faizə, işsizlik 5,3 faizə endirilib.

Ombudsman əlavə edib ki, konfransın sonunda Bakı Bəyannaməsi qəbul olunacaq.

Konfransın açılış hissəsində Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Prezident Adminstrasiyasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, YUNESKO-nun Azərbaycan Respublikasının Milli Komissiyasının I katibi Günay Əfəndiyeva, BMT-nin Rezident Əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident Əlaqələndiricisi Antonius Brukun çıxışı gözlənilir.

Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsində Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov tədbirdə çıxışı zamanı qeyd edib ki, 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra xalqımız demokratik respublikanın dəyərlərini inkişaf etdirməyə qərar vermişdir: "Lakin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, torpaqlarımızın işğalı nəticəsində 1 milyona yaxın həmvətənimizin qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, o zamankı dövlət rəhbərlərinin ölkənin parçalanmasına yönəlmiş düşünülməz və səhv xarici və daxili siyasəti Azərbaycan xalqının yenidən müstəqilliyinin, dövlətçiliyinin itirilməsi, insanların hüquq və azadlıqlarının pozulması ilə nəticələnə bilərdi".

Əsgərov deyib ki, lakin ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanın Prezidenti seçilməsi bütün bu neqativ proseslərin dayandırılmasına gətirib çıxardı: "Müstəqil Azərbaycan dövlətçiliyinin banisi olan Heydər Əliyev qanunun aliliyi, insan hüquqları və demokratiyanın, ölkəmizdə həyata keçirilən dövlət quruculuğu proseslərinin təməl prinsiplərini müəyyənləşdirdi. Ombudsmanın yaradılması insan hüquqlarının məhkəmə sistemindən kənarda qorunmasına böyük təkan verdi. Heydər Əliyevin əsasını qoyduğu insan hüquq və azadlıqlarının qorunması bu gün dünya və Avropa standartlarına cavab verir".

İyunun 20-dək davam edəcək konfransda 18 may-18 iyun tarixlərində respublikada keçirilmiş ənənəvi "İnsan hüquqları" aylığının nəticələrinə yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti