Azərbaycan, Bakı, 16 may /Trend/
Bu gün Tacikistan Ali Məclisinin Nümayəndələr Məclisinin (Aşağı Palata) sədri Şükürcan Zuhurovla Azərbaycanın Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri Abbasəli Həsənov arasında görüş keçirilib.
Səfirlikdən Trend-ə verilən məlumata görə, Ş.Zuhurov görüşdə ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu diqqətə çatdıraraq əlaqələri daha da dərinləşdirmək üçün lazımi hüquqi bazanın artıq mövcud olduğunu qeyd edib. Sədr, eyni zamanda, Azərbaycanın iqtisadiyyatın bir çox sahələrində daha irəli təcrübəyə malik olduğunu bildirərərək, qarşılıqlı təcrübə mübadiləsi aparılmasının hər iki tərəf üçün əhəmiyyətli olduğunu vurğulayıb.
Parlamentlərarası əlaqələrin də yüksək səviyyəsindən məmnunluğunu bildirən Ş.Zuhurov Tacikistanla Azərbaycan arasında parlamentlərarası dostluq qrupunun fəaliyyət göstərdiyini, beynəlxalq tədbirlərdə Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovla mütəmadi görüşlər keçirdiyini və müxtəlif mövzular ətrafında müzakirələr apardığını qeyd edib.
Səfir qeyd edib ki, bu ilin aprel ayında Tacikistanın xarici işlər naziri S.Aslovun Azərbaycana ikitərəfli münasibətlər baxımından çox uğurlu rəsmi səfəri olub. Azərbaycanlı diplomat Milli Məclisin sədri O.Əsədovun Ş.Zuhurova salamlarını çatdırıb və dəvət məktubunu təqdim edib.
A.Həsənov Ş.Zuhurovun Azərbaycana səfərindən qabaq Azərbaycan-Tacikistan parlamentlərarası dostluq qrupunun qarşılıqlı səfərlərinin təşkil edilməsini təklif edib. Təklif Parlamentin sədri tərəfindən razılıqla qarşılanıb.
Səfir Azərbaycanla Tacikistan arasında dostluq münasibətlərini əsas tutaraq Tacikistandan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair daha prinsipial mövqe gözlədiyini bildirib. Eyni zamanda, Tacikistan parlamentində Azərbaycanda gedən inkişaf prosesi, Azərbaycanın xarici siyasəti, ikitərəfli münasibətlər və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair çıxış etmək üçün razılıq verilməsini xahiş edib.
A.Həsənov ötən il Azərbaycanın Tacikistandakı səfirliyi tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər təşkil edildiyi (Tacikistanın müxtəlif regionlarında 13 muğam konserti və s.) barədə həmsöhbətinə məlumat verib. O, həmçinin səfirlik tərəfindən bu il ərzində bir sıra ticari-iqtisadi, mədəni tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib və bunlar haqqında parlament sədrinə məlumat verib.
Səfir Azərbaycanla Tacikistan arasında təkcə Sovet dövründə deyil, tarixin bütün dövrlərində heç bir nifaqın yaşanmadığını, həmişə dostluq münasibətlərinin mövcud olduğunu qeyd edib və may ayının sonuna qədər həftədə 2 dəfə olmaqla Düşənbə-Bakı, Bakı-Düşənbə birbaşa hava reysinin bərpa olunacağını bildirib.
Sonda səfir Ş.Zuhurova Azərbaycan səfirliyinin təşəbbüsü və maliyyə dəstəyi ilə tacik dilində nəşr edilmiş yazıçı-publisist E.Axundovanın müəllifi olduğu 7 cildlik "H.Əliyev: Şəxsiyyət və zaman", N.Zinkeviçin "Həyatın keşməkeşləri" kitablarını hədiyyə edərək deyib: "Heydər Əliyevin bir siyasətçi kimi həyat və fəaliyyəti çox zəngin olduğuna görə hər bir oxucu bu kitabı oxuyanda özü üçün çox faydalı mətləblər götürə bilər. Xüsusilə, siyasətlə məşğul olan insanlar üçün Heydər Əliyev irsini öyrənmək böyük bir məktəbdir".