Azərbaycan, Bakı, 28 aprel /Trend/
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən işsiz və işaxtaran vətəndaşlar üçün əmək yarmarkaları davam etdirilir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, ƏƏSMN tərəfindən aprelin 29-da Yardımlı rayonunda, mayın 1-də isə Goranboy rayonunda əmək yarmarkaları keçiriləcək. Yardımlı rayonunda 250-yə yaxın, Goranboy rayonunda isə 240-dək boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təklif olunacaq.
Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə kvota üzrə iş yerlərinin də təqdim edilməsi, habelə ayrı-ayrı işsiz və işaxtaran şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması məqsədilə onların peşə hazırlığına cəlb olunması üçün qeydiyyata alınması nəzərdə tutulur.
Xatırladaq ki, ƏƏSMN tərəfindən işaxtaran və işsiz vətəndaşların münasib işlərlə təminatı məqsədilə ötən il ölkəmizin bölgələrində 60 Əmək yarmarkası keçirilib. Həmin aktiv məşğulluq tədbirlərində ümumilikdə 5753 nəfər vətəndaşa boş iş yerlərinə göndəriş verilib ki, onlardan 4838 nəfəri (və ya 85 faizi) göndərişlər əsasında münasib iş yerləri ilə təmin edilib.