...

Yetkinlik yaşına çatmayanların hüquq pozuntularının profilaktikası məsələləri müzakirə olundu

Cəmiyyət Materials 3 Mart 2016 17:18 (UTC +04:00)
Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası məsələləri müzakirə olundu.
Yetkinlik yaşına çatmayanların hüquq pozuntularının profilaktikası məsələləri müzakirə olundu

Bakı. Trend:

Martın 3-də Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə Gəncə şəhəri Nizami rayonunun M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbində "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələrin icrası məsələlərinə həsr olunmuş tədbir keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbiri DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəisi, polis polkovniki Adıgözəl Adıgözəlov giriş sözü ilə açıb, toplantının məqsədi və müzakirə ediləcək mövzuları elan olunub. Sonra "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələrin icrası üzrə görülən işlərin vəziyyəti və "Yetkinlik yaşına çatmayanların cinayətə meyilliklərinin fəsadları və onların məruz qaldıqları zorakılıqdan müdafiəsi, təhsildən qərəzli şəkildə yayınmalarının, habelə onlar arasında avaralıq və dilənçilik hallarının qarşısının alınmasında daxili işlər orqanlarının rolu" mövzularında çıxış edib.

Yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın aparılması məqsədilə "Narkotiklər haqqında nə bilirik?", "Narkotik, yoxsa həyat" mövzularında Gəncə şəhər Narkoloji Dispanserin baş həkimi Sahib İsmayılovun, "Yetkinlik yaşına çatmayan qızların ictimai mənəviyyat əleyhinə və seksual istismara, o cümlədən erkən nikahlara məruz qalmalarına qarşı mübarizədə gənclərin fəallığının artırılması" mövzusunda Nizami rayon nikah şöbəsinin müdüri Şəlalə Cəfərovanın çıxışları iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Mövzular ətrafında şəhərin polis orqanlarının rəhbərləri, rayon icra hakimiyyəti başçılarının nümayəndələri, həmçinin, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə yerli komissiyalarının, şəhər, rayon təhsil idarə və şöbələrinin məsul əməkdaşları, 16 nömrəli tam orta məktəbin direktoru, müəllimlər, psixoloqlar çıxışlar ediblər, sonra geniş diskussiyalar keçirilib, məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Sonda şagirdlərə və pedaqoji kollektivə müzakirə edilən mövzu ilə bağlı broşür, jurnal və kitablar paylanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti