...

"Zubrları təbiətimizə qaytaraq!" ekoloji yay düşərgəsi uğurla başa çatdı (FOTO)

Cəmiyyət Materials 7 İyul 2018 12:57 (UTC +04:00)
"Azərbaycanda zubrların reintroduksiyası” proqramı çərçivəsində IDEA İctimai Birliyi, Gənclər Fondu, Təhsil Nazirliyi və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı, İsmayıllı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Zubrları təbiətimizə qaytaraq!" adlı növbəti ekoloji yay düşərgəsi keçirilib.
"Zubrları təbiətimizə qaytaraq!" ekoloji yay düşərgəsi uğurla başa çatdı (FOTO)

Bakı. Trend:

İyulun 4-6-da “Azərbaycanda zubrların reintroduksiyası” proqramı çərçivəsində IDEA İctimai Birliyi, Gənclər Fondu, Təhsil Nazirliyi və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı, İsmayıllı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Zubrları təbiətimizə qaytaraq!” adlı növbəti ekoloji yay düşərgəsi keçirilib.

İB-dən Trend-ə verilən məlumata görə,

düşərgədə İsmayıllı rayonunun Talıstan, Tircan, Keyvəndi, Cülyan, Topçu və digər kəndlərindən 60-a yaxın məktəbli iştirak edib.

“Zubrları təbiətimizə qaytaraq!” yay düşərgəsinin əsas məqsədi təbiətimizə qaytarılması nəzərdə tutulan zubrlar və onların qorunmasının vacibliyi haqqında gənclərin məlumatlandırılması, onların məktəb yaşlarından ətraf mühit sahəsində maarifləndirilməsi, təbiətə qarşı rəğbət və qayğı hissinin formalaşdırılmasıdır.

Düşərgənin ilk günü iştirakçılar zubrların həyat tərzi, reintroduksiya olunacağı ərazilər və təbiətdəki rolu haqqında geniş məlumatlar əldə edib, bu nadir canlı növünün zəngin təbiətimizə qaytarılması məqsədilə həyata keçirilən reintroduksiya layihəsi haqqında seminarlarda, o cümlədən müxtəlif ekoloji tədqiqat və müsabiqələrdə iştirak ediblər.

Düşərgənin ikinci günündə iştirakçıların Azərbaycanın ən böyük Milli Parkı olan Şahdağ Milli Parkına ekskursiyası təşkil olunub. Ekskursiya zamanı uşaqlar Milli Parkın zəngin bioloji müxtəlifliyi, eyni zamanda, zubrlarla bağlı həyata keçirilən layihə çərçivəsində Şahdağ Milli Parkının ərazisində bu növün təbiətimizə uyğunlaşması üçün inşa edilən komplekslə tanış olublar.

Düşərgənin üçüncü günü, məktəblilərin Cülyan şəlaləsinə ekskursiyası təşkil olunub. Burada onlar təmizlik aksiyasında iştirak edib və tullantıları toplayaraq çeşidləyiblər. Daha sonra iştirakçılar İsmayıllı rayonunun Topçu kəndində yerləşən Azərbaycanın bioloji təbiət abidələrindən biri olan 800 yaşlı qocaman palıd ağacını ziyarət ediblər.

Düşərgənin sonunda iştirakçılara sertifikatlar və xatirə hədiyyələri təqdim edilib.

Qeyd edək ki, zubrlar Azərbaycanın zəngin təbiətində əsrlər boyunca məskunlaşıb. Növün son fərdlərinə keçən əsrin sonlarında Qafqaz dağının ətəyində rast gəlinib. Populyasiya effektiv idarə olunmadığından bu növün Azərbaycanda sayı tükənib. Son illər ərzində regionun və dünyanın aparıcı alimləri tərəfindən həyata keçirilən araşdırmaların nəticəsi olaraq, təbiətimizdə zubrlar üçün əlverişli şəraitin olduğu aşkarlanıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF Azərbaycan tərəfindən zubrların reintroduksiyası ilə bağlı birgə layihəyə başlanıb. Layihə çərçivəsində Şahdağ Milli Parkının ərazisində zubrların çoxaldılıb təbiətə buraxılması üçün kompleks inşa edilməkdədir. Layihə zubrların təbiətimizə qaytarılmasına yönəlsə də, onun əsas istiqamətlərindən biri də ictimaiyyət arasında maarifləndirmənin artırılmasıdır. Bu məqsədlə məktəblilər üçün təşkil edilən bu cür yay düşərgələri mühüm əhəmiyyət kəsb edir.

IDEA İctimai Birliyinin təşəbbüsü ilə ətraf mühit və biomüxtəliflik mövzusunda düşərgələr mütəmadi əsaslarla 2014-cü ildən etibarən hər il təşkil edilir. Bu müddət ərzində düşərgələrdə İsmayıllı, Salyan, Neftçala, Goranboy, Samux, Qax, Şəki, Masallı, Cəlilabad, Yardımlı, Lənkəran, Astara, Göygöl, Lerik rayonlarından ümumilikdə 450-dən çox məktəbli iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti