Bakı. Ceyhun Ələkbərov - Trend:
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) güclü küləklə bağlı sürücülərə xəbərdarlıq edib.
BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi İdarəsinin rəisi Orxan Məmmədov Trend-ə bildirib ki, sürücülər bir çox hallarda avtomobillərini məhz ağacların altında saxlayırlar:
"Bu isə küləkli havada çox təhlükəlidir. Sürücülərdən xahiş edirik ki, avtomobillərini ağacların altında park etməsinlər".
Qeyd edək ki, ötən axşamdan bəri əsən güclü külək paytaxtın müxtəlif ünvanlarında 30-a yaxın ağacın aşması və budaqlarının sınması ilə nəticələnib. Sakinlərin müraciətləri əsasında həmin ərazilərə işçi qüvvəsi cəlb olunub, qırılmış budaqlar və aşmış ağaclar ərazidən götürülüb.