...

Tarix Muzeyi, Şərqşünaslıq və Fəlsəfə institutlarında direktor seçkiləri keçiriləcək

Cəmiyyət Materials 3 İyun 2019 16:49 (UTC +04:00)
İctimai Elmlər Bölməsinin büro iclasında bir sıra elmi-təşkilati məsələlərə baxılıb
Tarix Muzeyi, Şərqşünaslıq və Fəlsəfə institutlarında direktor seçkiləri keçiriləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

İyunun 3-də Milli Azərbaycan Tarixi Muzeyində (MATM) AMEA-nın İctimai Elmlər Bölməsinin (İEB) növbəti büro iclası keçirilib.

Trend-in məlumatına görə, tədbirdə büro üzvləri, müvafiq elmi müəssisələrin rəhbərləri, elmi katibləri və aidiyyəti üzrə əməkdaşlar iştirak ediblər.

İclası bölmənin akademik-katibi, akademik Nərgiz Axundova açaraq tədbirin gündəliyi barədə məlumat verib. Elmi-təşkilati məsələlərdən danışan akademik bu il "AMEA-nın professoru" elmi adını almaq üçün elan olunmuş müsabiqəyə ilk dəfə İEB-dən də namizədlərin irəli sürüləcəyini diqqətə çatdırıb. O, sözügedən elmi adın Azərbaycan elminin inkişafında, beynəlxalq aləmdə nüfuzunun artırılmasında, dünya elminə inteqrasiyasında, habelə kadr hazırlığında xüsusi xidmətlər göstərmiş və yaşı 50-dək olan elmlər doktorlarına verildiyini söyləyib.

Sonra bölmədən "AMEA-nın professoru" elmi adını almaq üçün sənəd verən - fəlsəfə üzrə elmlər doktoru, dosent Roida Rzayeva, siyasi elmlər doktoru, dosent Qənirə Paşayeva, iqtisad üzrə elmlər doktorları - Amil Məhərrəmov və Fuad Qənbərovun çıxışları dinlənilib.

Çıxışlardan sonra bölmənin növbəti ümumi yığıncağında gizli səsvermə yolu ilə namizədlərin müəyyənləşdirilərək Rəyasət Heyətinə təqdim olunmasına qərar verilib.

İclasda, həmçinin Milli Azərbaycan Tarixi Muzeyi, Şərqşünaslıq və Fəlsəfə institutlarının direktorları vəzifələrinə seçkilərin keçirilməsi haqqında qərar qəbul edilib. Bundan əlavə, Tarix İnstitutunun Elmi şurasında dəyişiklik olunub, o cümlədən Fəlsəfə İnstitutunda Fəlsəfə fənni üzrə kursların təşkil edilməsi qərarlaşdırılıb.

Eyni zamanda MATM-də keçirilmiş müsabiqənin nəticələri təsdiqlənib, eləcə də AMEA-nın müxbir üzvü Əli Nuriyevin 80 illik yubileyinin təşkili haqqında qərar qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti