...

Rafiq Abbasov: Mədəniyyət və təhsil mübadiləsi istiqamətində Azərbaycan-Çin əməkdaşlığının geniş perspektivləri var

Cəmiyyət Materials 24 Sentyabr 2019 13:39 (UTC +04:00)

Bakı. Trend:

Çin Xalq Respublikasının (ÇXR) “Sinxua” rəsmi informasiya agentliyi Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunun direktoru, Azərbaycan-Çin Dostluq Cəmiyyətinin icraçı katibi Rafiq Abbasovla müsahibəni dərc etmişdir.

Rafiq Abbasov qeyd etmişdir ki, son illərdə tarixi Böyük İpək Yolunun birləşdirdiyi iki ölkə – Azərbaycan və Çin arasında humanitar sahədə əməkdaşlıq yüksək templə inkişaf etməkdədir. Bu, hər şeydən əvvəl ölkəmizin Çin tərəfinin Avrasiya iqtisadi-nəqliyyat dəhlizlərinin yaradılması, həmçinin İpək Yolu ölkələri arasında humanitar mübadilə, mədəniyyətlərarası dialoq və siyasi ünsiyyətin təmin olunması istiqamətində nəzərdə tutulmuş “Bir kəmər-bir yol” təşəbbüsünün həyata keçirilməsində fəal iştirakı ilə əlaqədardır.

Rafiq Abbasov həmçinin 2015-ci ilin dekabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə tarixi səfərini yada salaraq qeyd etmişdir ki, bu səfər zamanı ÇXR Sədri Si Cinpinlə dövlət başçımız “İpək Yolu iqtisadi zolağının” birgə genişlənməsi sahəsində qarşılıqlı anlaşma ilə bağlı Memorandum imzalamışlar. Məhz bu Memorandum gələcəkdə iki ölkə arasında çoxtərəfli əməkdaşlıq istiqamətində möhkəm zəmin olmuşdur. Bundan sonra “Bir kəmər-bir yol” təşəbbüsünün həyata keçirilməsi sayəsində Çin tərəfinin “yumşaq güc” strategiyası çərçivəsində humanitar sahədə əməkdaşlıq inkişaf etməyə başlamışdır, əməkdaş ölkələr arasında ictimai-siyasi dialoq fəallaşmış, həmçinin Konfutsi İnstitutu şəbəkəsi də genişlənmişdir. Məsələn, artıq Azərbaycan Dillər Universitetində (ADU) İpək yolu layihəsinin araşdırılması üzrə ixtisaslaşmış və ADU-nun rektoru Kamal Abdullanın rəhbərliyi altında Azərbaycan-Çin mədəniyyətlərarası dialoq proqramının həyata keçirildiyi Konfutsi İnstitutu yaradılmışdır. Rafiq Abbasov onu da qeyd etmişdir ki, ADU-da fəaliyyət göstərən Konfutsi İnstitutunın əsas məqsədi Azərbaycanda Çin dili və mədəniyyətinin daha geniş təbliğ olunmasıdır. Azərbaycan və Çin xalqları arasında ənənəvi dostluq münasibətlərinin inkişafı ölkələrimiz arasında təhsil və mədəniyyət sahəsində də mühüm rol oynamaqdadır. Bu gün Azərbaycanın Çinlə siyasi və iqtisadi əməkdaşlığının inkişaf etdiyi bir zamanda ölkəmizdə çin dilinə maraq artmaqdadır. R.Abbasov xüsusən Azərbaycan gəncləri, tələbələr arasında Çin dilinə marağın ildən-ilə artmaqda olduğunu vurğulamışdır. Hazırda ADU-da bakalavr səviyyəsində “Regionşünaslıq” ixtisası üzrə 70-dən artıq tələbə təhsil alır. Çin dilinin təbliğində, tədrisin müasir təlim metodları əsasında keçirilməsində, çin dili üzrə milli dərsliklərin hazırlanmasında Konfutsi İnstitutunun mühüm rolu vardır.

Bununla yanaşı, Təhsil Nazirliyi dövlətlərarası razılaşmalara əsasən hər il Çinə təhsil almaq üçün 50-yə qədər tələbə göndərir, Konfutsi İnstitutu isə çin dili kurslarının dinləyicilərini Çinə bir illik təhsil almağa göndərir, məktəblilər və tələbələr üçün “Çin dili körpüsü” kursları təşkil edir. Ölkəmizin “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsində fəal iştirak etdiyi bir vaxtda Azərbaycanda onlarla Çin şirkəti fəaliyyət göstərir, turizm sahəsində mübadilə genişlənir, müntəzəm olaraq çin dili üzrə ixtisaslaşmış tərcüməçilərə tələb artır. Digər bir tərəfdən isə çin dilini öyrənməyə artan maraq çin mədəniyyətinə daha dərindən nüfuz etməklə əlaqədardır. Bu gün Azərbaycanda elmi mübadilə genişlənir, Çində ticarət qurmaq istəyən biznesmenlərin sayı çoxalır. Bütün bunlar çin dili kurslarına gələnlərin sayının artımında da özünü göstərir.

Azərbaycanla Çin arasında mədəni sahədə mübadilə ilə bağlı məsələlərə toxunarkən R. Abbasov Azərbaycanda Çinin qeyri-maddi və mənəvi irsinin təbliği istiqamətində mühüm xidmətlər göstərən Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın gərgin əməyini xüsusi qeyd etmişdir. Heydər Əliyev Fondunun və Çinin xarici ölkələrlə dostluq cəmiyyəti arasında imzalanmış Memoranduma əsasən Çində Azərbaycan musiqisi günləri keçirilir, Azərbaycanda da müvafiq olaraq müasir Çin rəssamlarının sərgiləri təşkil olunur. ADU-nun Konfutsi İnstitutu Azərbaycanda Çin mədəniyyətinin ölkəmizdə təbliği sahəsində əlindən gələni əsirgəmir. Azərbaycanın Mədəniyyət və İncəsənət Universiteti ilə birgə bədii və ədəbi gecələr təşkil edilir, ölkəmizdə Çinin mədəni irsinin qorunduğu müəssisələrlə əməkdaşlıq edərək Çinin ənənəvi bayramlarını qeyd edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti