Bakı. Trend:
Azərbaycanın ən böyük gənclər düşərgəsi “Yay Fest 2022”yə qeydiyyat başladı. Ənənə halını almış və artıq 3-cü ildir ki, təşkil edilən Festivala gənclərin xüsusi marağını nəzərə alaraq, bu il Yay Fest daha uzunmüddətli və geniş formatda Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında keçiriləcək. Bu yayın ən möhtəşəm gənclər hadisəsində iştirak edəcək iki min gənc Festival çərçivəsində əylənəcək, öyrənəcək və yeni dostlar qazanacaqlar.
18 iyul-9 sentyabr tarixlərini əhatə edəcək Festival çərçivəsində mərhələli şəkildə fərqli mövzular (Tələbəlik, Vətənpərvərlik, Yaradıcılıq, Könüllülük, Dayanıqlı İnkişaf Məqsədləri, İnnovasiya və sahibkarlıq, Karyera və inkişaf, Həmrəylik) üzrə 8 düşərgə təşkil olunacaq.
Çadır tipli düşərgə zamanı gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün açıq havada dövlət qurumları və özəl şirkətlərin nümayəndələrinin iştirakı ilə panel müzakirələr, həvəskar idman yarışları, əyləncəli, intellektual oyunlar, peşəkar təlimlər, konsert proqramı, Şamaxının tarixi və mədəni abidələrinə ziyarətlər təşkil olunacaq, Vətən müharibəsi qaziləri ilə görüşlər keçiriləcək və Festival ərazisində xüsusi innovasiya guşəsi yaradılacaqdır. Düşərgələrdə fəal olan gənclər mükafatlandırılacaq və beynəlxalq tədbirlərdə iştirak etmək imkanı əldə edəcəklər.
Festivalın məqsədi dövlət gənclər siyasətinə uyğun olaraq gənclər üçün müxtəlif sahələrdə yaradılan geniş imkanların təşviqi, gənc nəslin vətənpərvər ruhda, milli-mənəvi dəyərlərə bağlı və müasir dövrün çağırışlarına uyğun yetişməsi, Azərbaycan tarixi, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuzun Vətən müharibəsində qazandığı zəfərin geniş təbliği, ölkəmizin müxtəlif regionlarında yaşayan gənclərin sosiallaşması, onların müasir peşə və trendlər barədə məlumatlandırılmasından ibarətdir.
Azərbaycan Respublikasının Gənclər Fondu gəncləri http://yayfest.az/ veb-səhifəsi və ya GəncApp mobil tətbiqi vasitəsi ilə qeydiyyatdan keçərək, düşərgədə iştirak seçimlərinə qatılmağa dəvət edir.
Seçimlər zamanı 18-24 yaş arası yaradıcı, ictimai fəallığı ilə seçilən gənclərə üstünlük veriləcək. Düşərgədə iştirak hüququna malik olmaq üçün COVID Pasportu (ən azı 2 doza olmaqla) və ya immunitet sertifikatı mütləqdir.