...

Avtobus reysləri ilə azad edilmiş ərazilərə səfər edənlərin sayı məlum olub

Cəmiyyət Materials 7 Dekabr 2022 14:41 (UTC +04:00)
Avtobus reysləri ilə azad edilmiş ərazilərə səfər edənlərin sayı məlum olub
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu günə qədər işğaldan azad edilmiş ərazilərə 500-ə yaxın avtobus reysi həyata keçirilib və 21 minə qədər sərnişin daşınıb.

Bu barədə Trend-ə açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib

O bildirib ki, hazırda Şuşaya həftədə 9 reys həyata keçirilir. Təbii ki, biz reyslərin sayını artırmaq istərdik. Bunun üçün bütün texniki imkanlar mövcuddur.

"Amma reyslərin artması təkcə texniki imkanlarla deyil, həm də digər komponentlərlə - infrastrukturun təhlükəsizliyi və hazırlığı ilə bağlıdır. Avtobus reyslərinin artırılması hər 3 komponentə müsbət cavab verildikdə mümkündür. Qeyd edim ki, Agentlik tərəfindən işğaldan azad edilmiş ərazilərin bir çox sahələrində müvafiq ölçmələr aparılır və bu işlər davam etdirilir", - deyə sədr bildirib.

Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Füzuli istiqamətinə isə ilk müntəzəm avtobus reysi 25 iyun tarixində həyata keçirilib.

Sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi və məlumat bazasının formalaşdırılması məqsədilə marşrut xətləri üzrə bilet satışı www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir. Təhlükəsizliyin təmin olunması, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşməsi üçün onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya edilib.

Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Biletlər alındıqdan sonra başqa şəxsə transfer edilməsi mümkün deyil.

Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər.

Səfər zamanı təhlükəsizliyin təmin edilməsi məqsədilə sərnişinləri polis əməkdaşları müşayiət edir. Şuşa, Ağdam və Füzuli şəhərlərində sərnişinlər tarixi, mədəni və dini abidələri ziyarət edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti