Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında DOST mərkəzləri tərəfindən 347 min vətəndaşa xidmət göstərilib və DOST xidmətlərindən vətəndaşların məmnunluq səviyyəsi 97,8 faiz təşkil edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, hazırda fəaliyyət göstərən 6 DOST mərkəzində sosial sahələr üzrə 154 xidmət “bir pəncərə”dən, operativ, şəffaf, müasir və innovativ şəkildə təqdim olunur. Ötən dövrdə həmin mərkəzlərdə ümumilikdə 1,6 milyon vətəndaşa xidmət göstərilib.
“Könüllü DOST” proqramına isə son 6 ayda daha 13 min 983 müraciət olub və proqrama daha 757 nəfər cəlb edilib.
Hazırda Naxçıvan, Bərdə, Quba, Sabirabad, Sumqayıt, Gəncə, Masallı, Şuşada da DOST xidmətləri infrastrukturunun qurulması üçün işlər aparılır.