...

Mingəçevirdə hepatitə yoluxan uşaqlara görə dezinfeksiya tədbirləri həyata keçirilib

Cəmiyyət Materials 17 Noyabr 2023 15:55 (UTC +04:00)
Mingəçevirdə hepatitə yoluxan uşaqlara görə dezinfeksiya tədbirləri həyata keçirilib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Mingəçevir şəhərində uşaqlar arasında tək-tək hallarda Hepatit A xəstəliyi qeydə alınıb. Bununla əlaqədar, şəhər GEM-i tərəfindən epidemioloji araşdırma aparılıb, xəstələrin hospitalizasiyası təmin edilib.

Bu barədə Trend-ə Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib.

Qeyd edilib ki, ocaqlarda dezinfeksiya tədbirləri həyata keçirilib.

"İnfeksiya baş verən ərazidə su təchizatı və kanalizasiya sistemlərinin vəziyyəti yoxlanılıb, laborator müayinə üçün su nümunələri götürülüb.

Hepatit A virusuna yoluxma fekal-oral, çirklənmiş su və qida ilə, bəzən isə, məişət- təmas yolu ilə baş verir. Xəstəlikdən qorunmaq üçün əsasən şəxsi gigiyena qaydalarına riayət və keyfiyyətli içməli sudan istifadə edilməlidir", - deyə əlavə edilib.

Qeyd edək ki, son bir həftə ərzində 6 nəfər (4-ü oğlan, 2-si qız olmaqla) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinə müraciət edib. Onlara dəqiqləşdirilməmiş kəskin virus hepatiti diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib.

Onların hər biri Kliniki Tibbi Mərkəzin nəzdindəki Ə.F.Qarayev adına 2 nömrəli Kliniki Uşaq Xəstəxanasına təxliyə olunub və müalicələri davam etdirilir.

Müraciət edən azyaşlı xəstələrin 1-nin vəziyyəti ağır, 5-nin isə stabil olaraq qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti