Bakı. Trend:
İki gündür ölkə ərazisində müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar yaranan xüsusi hallarla bağlı aidiyyəti qurumlarla birlikdə işçi qrup yaradılıb.
Məktəbəqədər və Ümumitəhsil üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, agentliyə və agentliyin yerli təhsili idarəetmə bölmələrinə daxil olan müraciətlər qeydiyyata alınır və təhlillər aparılır.
"Qeyd edirik ki, şagirdlərin davamiyyətində ciddi dəyişiklik müşahidə edilmir və təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir.
Bununla yanaşı, hava şəraitinin yaratdığı fəsadlarların aradan qaldırılması və təhsil müəssisələrində tədris prosesinin fasiləsizliyinin təmin edilməsi məqsədilə müvafiq addımlar atılır.
Müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq xüsusilə azyaşlı məktəblilərin valideynlərini dərsə gedən övladlarını nəzarətdə saxlamağa çağırır, təhsil müəssisələrinin rəhbərlərindən və valideynlərdən müvafiq təhlükəsizlik tədbirlərinə riayət etmələrini xahiş edirik", - deyə əlavə edilib.