Bakı. Trend:
Ölkə ərazisində davam edən qeyri-sabit hava şəraiti ilə əlaqədar
olaraq polis əməkdaşları tərəfindən gecə saatlarından başlayaraq
zəruri tədbirlər görülür, fasiləsiz xidmət davam edir.
DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, paytaxtla yanaşı
ölkəboyu şəhər və rayonlarda, həmçinin magistral yollarda
gücləndirilmiş rejimdə xidmət təşkil olunub.
Bildirilib ki, hərəkətin intensiv olduğu küçə və prospektlərdə,
piyada keçidlərinə əlavə polis naryadları cəlb edilib. Digər dövlət
orqanları ilə birgə zəruri tədbirlər görülür.
"Sürücü və piyadaların mənzil başına təhlükəsiz şəraitdə çatması
təmin edilir. Mövcud hava şəraiti ilə bağlı daxil olan çağırışlar
üzrə vətəndaşlara zəruri köməkliklər göstərilməklə polis
əməkdaşları tərəfindən müraciətlərə çevik reaksiyalar verilib. Bu
istiqamətdə işlər fasiləsiz olaraq davam etdirilir", - məlumatda
qeyd edilib.