Bakı. Trend:
Ötən gündən başlayaraq bu saata kimi ciddi və ağır yol-nəqliyyat hadisələri qeydə alınmayıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, hazırda ölkə ərazisində əlverişsiz hava şəraiti hökm sürür. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xəbərdarlığından dərhal sonra daxili işlər orqanları, o cümlədən, Baş Dövlət Yol Polisi İdarəsi gücləndirilmiş iş rejimində xidmət aparır:
"Hazırda aidiyyəti qurumlarla birgə yol hərəkəti təhlükəsizliyinin təmin olunması, hərəkət iştirakçılarının mənzil başına rahat və təhlükəsiz çatması üçün bütün zəruri qabaqlayıcı tədbirlər görülür.
Ötən gündən başlayaraq bu saata olan məlumata əsasən respubilka əhəmiyyətli avtomobil yollarında ciddi və ağır yol-nəqliyyat hadisələri qeydə alınmayıb. Hava şəraiti ilə əlaqədar baş vermiş bütün yol nəqliyyatı hadisələrinin statistikası ümumiləşdirilir.
Ümumilikdə, nəqliyyatın hərəkəti nəzarət altındadır və vəziyyət sabitdir. Xidmətimiz fasiləsiz davam etdirilir".
Bununla yanaşı, Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün yol hərəkəti iştirakçılarına müraciət edərək onlardan edilən xəbərdarlıqlara biganə qalmamağı, tövsiyələrə və yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl etməyə xahiş edib.