...

“Zərərsiz alternativ” mifinin sonu: Elektron siqaretlərin gizli riskləri

Cəmiyyət Materials 5 Yanvar 2026 17:17 (UTC +04:00)
“Zərərsiz alternativ” mifinin sonu: Elektron siqaretlərin gizli riskləri
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

"Tütün və tütün məmulatı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsi qadağan edilir.

Elektron siqaretlərin zərərləri və bu qadağanı vacib edən məsələlər barədə Trend-ə açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü deputat Müşfiq Məmmədli bildirib ki, elektron siqaretlərin qadağan olunmasını əsaslandıran bir neçə mühüm səbəb var:

“Əvvəllər elektron siqaretlər tütün və nikotindən uzaq qalmaq üçün alternativ vasitə kimi təqdim olunurdu. Lakin zamanla məlum oldu ki, bu cihazlarda istifadə olunan mayelər və onların yaratdığı psixoloji asılılıq zərər baxımından ənənəvi tütün məhsullarından geri qalmır.

Elektron siqaretlərin əksər növləri nikotin tərkibli olduğundan onların istifadəsinin məhdudlaşdırılması zəruri hesab edilir. Psixoloji asılılığın davam etməsi, eləcə də tərkibindəki maddələrin toksik və beyinə mənfi təsir göstərən xüsusiyyətləri ciddi narahatlıq doğurur”.

Elektron siqaretlərin istifadəsi ilə bağlı maarifləndirmə tədbirləri kifayət qədər sürətlə getmir

Müşfiq Məmmədli qeyd edib ki, ən təhlükəli məqamlardan biri elektron siqaretlərin zərərsizmiş kimi reklam olunaraq gənclərə yönəldilməsidir:

“Bu amillər əvvəllər tütün və nikotindən uzaq olan gənclərin də elektron siqaretlərə meyil göstərməsinə səbəb olur. Bazarda yeni və modifikasiya olunmuş elektron siqaretlərin yayılması təkcə nikotin deyil, əlavə toksik təsirlərin də artmasına gətirib çıxarır. Nəticədə bu vasitələr sağlamlığa daha geniş spektrdə zərər vurur. Bütün bunları nəzərə alaraq, Azərbaycanda da dünya təcrübəsinə uyğun şəkildə elektron siqaretlərin məhdudlaşdırılması istiqamətində ilkin addımlar atılıb. Məqsəd cəmiyyəti, xüsusilə gəncləri bu təhlükəli asılılıqdan qorumaqdır”.

Səhiyyə Komitəsinin üzvü maarifləndirmə məsələlərinə də diqqət çəkib. Onun sözlərinə görə, maarifləndirmə prosesi kifayət qədər sürətlə getmir:

“Əslində, tütün, nikotin və digər zərərli vərdişlərə qarşı uzun illər aparılan maarifləndirmə tədbirləri müəyyən uğurlar verib. Lakin elektron siqaretlər yenicə bazara daxil olub və cəmiyyətə çox sürətlə yayıldığından maarifləndirmə prosesi bu sürətə yetişə bilməyib. Bu səbəbdən hazırda məhdudlaşdırıcı tədbirlərin tətbiqi zəruri hesab olunur. Zamanla isə həm məhdudlaşdırıcı, həm də maarifləndirici tədbirlərin paralel aparılması bu sahədə uğur qazanmağımıza stimul verəcək”.

Nəzarət mexanizminin formalaşması üçün ilk addım qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi olacaq

Deputatın sözlərinə görə, nəzarət mexanizminin formalaşması üçün ilk addım qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi olacaq:

“Dəyişikliklər təsdiqləndikdən sonra onların icrasını təmin etmək üçün konkret icra mexanizmləri hazırlanacaq. Bu mexanizmlər müvafiq qərar və təlimatlarla tənzimlənəcək. Hazırda prosesin hazırlıq mərhələsi davam edir və bu mərhələ başa çatdıqdan sonra nəzarət mexanizmlərinin detalları barədə daha geniş və ətraflı məlumat veriləcək”.

Elektron siqaretlərin qapalı məkanlarda istifadəsi zamanı uşaqlar ikinci dərəcəli aerozola məruz qalır

Mövzu ilə bağlı Trend-ə həkim-neonatoloq Nərmin Əzizova isə bildirib ki, son illərdə elektron siqaretlərin “zərərsiz”, “tüstüsüz” və “alternativ” məhsul kimi təqdim olunması onların qadınlar, yeniyetmələr və hətta məktəbli uşaqlar arasında yayılmasına səbəb olub:

"Tüstüsünün olmaması və xoş aromalar bu məhsulların təhlükəsiz olduğu ilə bağlı yanlış təsəvvür yaradır. Halbuki elektron siqaretlərin istifadəsi uşaq sağlamlığı üçün ciddi risk daşıyır. Nikotin güclü asılılıq yaradan maddə olmaqla yanaşı, sinir sistemi, ürək-damar sistemi və hormonal tarazlığa mənfi təsir göstərir. İnkişafda olan uşaq və yeniyetmə orqanizmi nikotin təsirlərinə xüsusilə həssasdır və erkən məruz qalma uzunmüddətli sağlamlıq problemlərinə səbəb ola bilər.

Elektron siqaretlərin qapalı məkanlarda istifadəsi zamanı uşaqlar ikinci dərəcəli aerozola məruz qalır. Pediatrik praktikada belə məruz qalmanın azyaşlılarda tənəffüs yollarının qıcıqlanması, allergik reaksiyalar, bronxit və astma tutmalarının artması ilə müşayiət olunduğu müşahidə olunur. Nikotinin beyin inkişafına mənfi təsiri isə diqqət, yaddaş və öyrənmə qabiliyyətinin zəifləməsi ilə nəticələnə bilər. Bundan əlavə, valideyn davranışlarının modelləşdirilməsi uşaqlarda gələcəkdə nikotin istifadəsi riskini artırır.

Hamilə və süd verən qadınlar üçün elektron siqaretlər xüsusi təhlükə daşıyır. Nikotinin dölə və körpəyə ötürülməsi beynin və ağciyərlərin inkişafını poza, erkən doğuş və aşağı doğum çəkisi riskini artıra bilər. Bu səbəbdən bu dövrlərdə elektron siqaretlər təhlükəsiz alternativ hesab edilə bilməz.

Elektron siqaretlərin parlaq dizaynı və meyvə, şirniyyat aromaları uşaqlar və yeniyetmələr üçün cəlbedici olub siqaretə başlama yaşını azaldır. Bu cür marketinq yanaşmaları uşaqları hədəf alan gizli reklam forması kimi qiymətləndirilə bilər. Ümumilikdə, elektron siqaretlərin uşaqlar və yeniyetmələr üçün uzunmüddətli nəticələri nikotin asılılığı, psixoloji bağlılıq və gələcəkdə digər zərərli vərdişlərə keçid riskinin artması ilə xarakterizə olunur.".

Həkimin sözlərinə görə, nəticədə elektron siqaretlər zərərsiz alternativ deyil və xüsusilə uşaqlar, yeniyetmələr və qadınlar üçün ciddi sağlamlıq riskləri yaradır. Bu təhlükənin qarşısının alınması üçün ailə, cəmiyyət və dövlət səviyyəsində ardıcıl və məqsədyönlü tədbirlərin görülməsi zəruridir.

Azərbaycanda da elektron siqaretlərin satışına dair tam tənzimləyici mexanizmlərin olmaması bu məhsulların yeniyetmələr arasında geniş istifadəsinə yol açır

Mövzu ilə bağlı Trend-ə psixiatr Sevinc Ərəbli qeyd edib ki, elektron siqaretlər yayılmağa başlayanda onların zərəri və insan sağlamlığına təsirləri ilə bağlı yetərli tədqiqatlar mövcud deyildi:

“Elektron siqaretlər dünyada ilk dəfə 2006–2007-ci illərdə geniş yayılmağa başladı. O dövrdə bu məhsullar yeniliyi ilə seçildiyi üçün onların zərəri və insan sağlamlığına təsirləri barədə kifayət qədər tədqiqat mövcud deyildi. Gənclər arasında sürətlə populyarlaşmasının əsas səbəblərindən biri, satışına yaş məhdudiyyətinin qoyulmaması idi. Klassik siqaretlərdə olduğu kimi 18 yaşdan aşağı şəxslərə satış qadağan edilmədiyi üçün elektron siqaretlər yeniyetmələr arasında daha da yayıldı.

Hazırda Azərbaycanda da elektron siqaretlərin satışını tam tənzimləyən mexanizmlərin olmaması bu məhsulların yeniyetmələr arasında geniş istifadə olunmasına şərait yaradır. Elektron siqaretlərin müxtəlif növləri mövcuddur və onların tərkibindəki nikotin miqdarı fərqlidir. Bəzi məhsullarda nikotin olmasa da, tərkibindəki digər kimyəvi maddələr insan sağlamlığı üçün təhlükə daşıyır”.

Psixiatr vurğulayıb ki, elektron siqaretlərin dizayn baxımından daha cəlbedici olması, xüsusilə gənclər arasında onu “elit” və ya “zəngin görünüşlü” bir vasitə kimi qəbul etmələrinə səbəb olur. Onun sözlərinə görə, tibb mütəxəssisləri bu meylin aradan qaldırılması üçün həm qanunvericilik, həm də maarifləndirmə istiqamətində ciddi addımların atılmasının vacibliyini vurğulayırlar.

Xatırladaq ki, məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev Heç vaxt siqaret çəkməyənlər arasında elektron siqaret nikotin asılılığına giriş qapısı rolunu oynadığını qeyd etmişdi.

Onun sözlərinə görə, elektron siqaretlərin qapalı məkanlarda zərərsiz olduğu düşüncəsi ən böyük səhvlərdən biridir:

"İnsanların çoxu elektron siqaretin sadəcə su buxarı ifraz etdiyini düşünür. Əslində isə bu, tərkibində nikotin, ultra-kiçik hissəciklər, ağır metallar (məsələn, nikel və qurğuşun) və xərçəng yaradan kimyəvi maddələr (məsələn, formaldehid) olan bir aerozoldur. Bu maddələr otaqdakı hər kəs tərəfindən tənəffüs edilir. Elektron siqaret buxarı adi siqaret tüstüsü kimi qatı olmasa da, onun tərkibindəki hissəciklər daha kiçikdir. Bu ultra-kiçik hissəciklər havada uzun müddət qalır və nəfəs aldıqda ağciyərlərin ən dərin yerlərinə, oradan isə birbaşa qana keçə bilir. Bu, ətrafdakı şəxslərdə boğaz və göz qıcıqlanmasına, öskürək və nəfəs darlığına, astma xəstəliyi olanlarda kəskin tutmalara səbəb olur. Elektron siqaret istifadə edildikdən sonra otaqdakı səthlərdə (masalar, divarlar, xalçalar və hətta pərdələr) nikotin və kimyəvi qalıqlar toplanır. Bu qalıqlar zamanla havaya yenidən qarışa və ya təmas yolu ilə bədənə daxil ola bilər. Digər tərəfdən, uşaqlar və hamilələr üçün ciddi sağlamlıq riskləri yaranır. Passiv şəkildə elektron siqaret aerozoluna məruz qalmaq uşaqlarda ağciyər inkişafının ləngiməsinə və beyin funksiyalarına mənfi təsir göstərir, hamilələrdə isə nikotin plasenta (cift) vasitəsilə dölə keçərək inkişaf riskləri yarada bilər.

Hüquqi tərəfdən məsələyə nəzər yetirsək, Azərbaycanda "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanuna əsasən, elektron siqaretlər adi siqaretlərlə bərabər tutulur. Bu o deməkdir ki, adi siqaretin çəkilməsi qadağan olunan bütün qapalı ictimai yerlərdə elektron siqaret istifadəsi də qanunla qadağandır və cərimə sanksiyaları nəzərdə tutulur".

Elektron siqaretdən uzunmüddətli istifadə ciddi ağciyər zədələnmələrinə səbəb olur, ağciyər xərçəngi riskini artırır

Mütəxəssis bildirib ki, elektron siqaret istifadəçiləri özlərini sağlamlıqla bağlı təhlükəli risklərə məruz qoyurlar:

"Burada ağciyər zədələnmələri xüsusi yer tutur. Belə ki, elektron siqaret mayelərinin tərkibindəki dadlandırıcılar və kimyəvi maddələr ağciyərlərin dərinliklərinə nüfuz edərək ciddi xəstəliklərə yol aça bilər, hətta gözlənilməz və ölümcül nəticələrə səbəb ola bilər. Elektron siqaretlərlə bağlı ən ciddi tibbi həyəcan təbili 2019-cu ildə ABŞ-da kütləvi ağciyər zədələnmələri (EVALI sindromu) baş verdikdə çalındı. Məsələn, elektron siqaretlərin tərkibindəki Vitamin E Asetat normalda qida əlavəsi və ya dəriyə qulluq vasitəsi kimi tamamilə zərərsiz olduğu halda, buxar vasitəsilə ağciyərlərə daxil olduqda tamamilə fərqli nəticə verir. Bu maddə yağlı bir quruluşa malikdir. Buxar halında ağciyərlərin ən dərin nöqtələrinə (alveollara) çatdıqda yenidən mayeləşir və ağciyər toxumasını bir təbəqə kimi örtür. Nəticədə ağciyərlərin oksigen qəbul etməsinə mane olur və kəskin iltihaba səbəb olur. Bu vəziyyət EVALI (E-cigarette or Vaping use-Associated Lung Injury) adlanır. Digər maddə Diasetil adlanır, elektron siqaret mayelərinə dad (xüsusilə meyvəli və şirin dad) vermək üçün istifadə olunan bir kimyəvi maddədir. Bu maddə tənəffüs yollarındakı ən kiçik bronxiolların çapıqlaşmasına və daralmasına səbəb olur. Təbabətdə buna "popkorn ağciyər" ya da “bronxiolit obliterans” deyilir. Beləliklə geri dönməz bir vəziyyət yaranır və tənəffüs çatışmazlığına yol açılır. Digər təhlükə cihazın qızdırıcı spiralından buxara keçən qurğuşun, nikel və xrom kimi ağır metalların birbaşa tənəffüs sisteminə daxil olmasıdır. Bu mikroskopik metal hissəcikləri buxarla birlikdə ağciyər toxumasına yapışır. Uzun müddətdə bu, həm ağciyər xərçəngi, həm də daxili orqanların, məsələn, böyrəklərin zədələnməsi riskini artırır. Elektron siqaretlərdən istifadəsi onun tərkibindəki maddələrə dair allergiyaların yaranmasına və ya belə halların, o cümlədən astma xəstəliyinin kəskinləşməsinə, xroniki bronxit əlamətlərin tez-tez müşahidə edilməsinə, yeni tənəffüs problemlərinin, həmçinin ağız boşluğunda bir sıra xəstəliklərin yaranmasına səbəb olur. Orqanizmin digər orqanları, o cümlədən ürək-damar sistemi də ciddi təsirə məruz qalır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti