Bakı. Trend:
Bu gündən Azərbaycan Respublikasında istehsal olunan tütün məmulatları üzrə aksiz dərəcələri artırılıb.
Trend-in məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Qanuna əsasən, siqarilla (nazik siqarlar), tütündən hazırlanan siqaretlər və onun əvəzediciləri üzrə aksiz 1000 ədədə görə 45,5 manatdan 55 manata qaldırılıb.
Alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsullar üzrə aksiz 1000 ədədə görə yerli istehsal və idxalda 16 manatdan 25.5 manata qaldırılıb.
İstehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş”, çeynənilən və ya buruna çəkilən tütünlər üzrə aksiz hər kiloqrama görə yerli istehsalda 22 manatdan 162 manata, idxalda isə 30 manatdan 170 manata qaldırılıb.
Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minib.
