Bakı. Trend:
Azərbaycanın gəncləri bu günün fəal vətəndaşları olmaqla yanaşı, ölkəmizin parlaq gələcəyinin qurucularıdır. Gənclərin bilik və bacarıqlarının artırılması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi, eləcə də beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi dövlətimizin dayanıqlı inkişaf strategiyasının prioritet istiqamətlərindəndir.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlı gənclərin iştirakı ilə ardıcıl və genişmiqyaslı layihələr həyata keçirir. 2022-ci ildə Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xaricdə yaşayan azərbaycanlılara, xüsusilə gənclərə tarixi Vətənlə əlaqələrini daim qoruyub saxlamaq, mütəmadi olaraq Azərbaycana səfər etmək, ana dilini unutmamaq, Azərbaycan tarixini və mədəniyyətini dərindən öyrənmək barədə verdiyi tövsiyələr Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətində əsas istiqamət kimi müəyyən edilib.
Gənclərə yönəlik layihələr çərçivəsində ölkəmizin müxtəlif şəhərlərində, xüsusilə işğaldan azad olunan ərazilərdə təşkil edilən Diaspor Gənclərinin Yay Düşərgələri hər il dünyanın 60-dan çox ölkəsindən yüzlərlə gənci bir araya gətirir. Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birlikdə təşkil etdiyi düşərgələr xaricdəki azərbaycanlı gənclərin və ölkəmizi sevən xalqların nümayəndələrinin Azərbaycan haqqında bilik və təcrübələrini artırır, onların intellektual və innovativ potensialının reallaşmasını, şəbəkələşmə imkanlarının genişlənməsini stimullaşdırır.
Komitənin “Diaspor Gəncləri 1+1”, “E-akademiya”, “Azərbaycan Könüllüləri” “Diaspor Gənclərinin Qış Düşərgələri” və digər layihələri xaricdə yaşayan azərbaycanlı gənclərin bilik və bacarıqlarını artırmaqla yanaşı, onların ölkəmizə bağlılıq hissini gücləndirir, milli-mənəvi dəyərlərə sədaqətini möhkəmləndirir. Azərbaycanı beynəlxalq müstəvidə layiqincə təmsil etmələrinə təkan verir.
“Diaspor Gəncləri 1+1” layihəsi iştirakçılara diaspor siyasəti, Azərbaycan tarixi və azad olunan ərazilərdə aparılan bərpa‑yenidənqurma prosesləri haqqında ətraflı məlumat verir, onların milli kimlik və mənəviyyat baxımından daha da zənginləşməsinə şərait yaradır.
“Liderliyin İnkişafı” diaspor liderlərinin formalaşdırılmasını və beynəlxalq əməkdaşlığın genişləndirilməsini hədəfləyir.
“Azərbaycan Diaspor Könüllüləri” layihəsi diaspor sahəsində dövlət siyasətinə ictimai dəstəyin təşkili, yerli və beynəlxalq tədbirlərdə iştirakın təmin edilməsi və maarifləndirici aksiyaların həyata keçirilməsi ilə xaricdə yaşayan gənclərin aktivliyini daha da artırır.
Bununla yanaşı, diaspor gənclərinin fikir və təcrübə mübadiləsinin genişləndirilməsi, aktual çağırışlar ətrafında bir araya gətirilməsi və ortaq fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə dünyanın müxtəlif ölkələrində forumlar təşkil olunur. Bu forumlar xaricdə yaşayan azərbaycanlı gənclərin bir araya gələrək diaspor fəaliyyətinin aktual məsələlərini müzakirə etmələrinə, qarşılıqlı təcrübə mübadiləsi aparmalarına və birgə təşəbbüslər formalaşdırmalarına geniş imkan yaradır. Nəticələrin təhlili göstərir ki, forumlar gənclərin diaspor fəaliyyətində daha fəal iştirakını təşviq edir. Onların qlobal miqyasda şəbəkələşməsi, milli maraqlarımızın müdafiəsi istiqamətində koordinasiyalı fəaliyyət göstərməsi və Azərbaycanın səsinin beynəlxalq platformalarda daha güclü şəkildə eşidilməsi işinə mühüm töhfə verir. Bu gün dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən bir sıra Azərbaycan evlərinə və həftəsonu məktəblərinə məhz gənclər rəhbərlik edir.
Xaricdə yaşayan hər bir gənc soydaşımızın diaspor sahəsindəki aktiv fəaliyyəti həmişə dövlətin diqqət mərkəzindədir və yüksək qiymətləndirilir. Diasporla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi genişmiqyaslı layihələrdə fəal iştirak edən bir çox gənclərimiz “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub. Bu təltiflər onların təşəbbüskarlığını yüksək qiymətləndirməklə yanaşı, gənclərə göstərilən diqqət və qayğının ardıcıl dövlət siyasətinin əsas tərkib hissəsi olduğunu açıq şəkildə nümayiş etdirir.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə hər il 2 Fevral – Gənclər Günü münasibətilə dünyanın müxtəlif ölkələrində keçirilən tədbirlər gənclərin maraqlarının mərkəzləşməsinə və ahəngdar inkişafına, beynəlxalq əməkdaşlığın və həmrəyliyin möhkəmlənməsinə xidmət edir.
