...

"Barmek-Azərbaycan" şirkətinin yüksək vəzifəli 6 əməkdaşının məhkəmə istintaqı yekunlaşır

Cəmiyyət Materials 21 Noyabr 2006 15:27 (UTC +04:00)

Noyabrın 23-də Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində dövlət ittihamçısı "Barmek-Azərbaycan" Şirkətinin yüksək vəzifəli 6 nəfər əməkdaşına cəza tələb edəcək. Trend xəbər verir ki, məhkəmə iclasında hakim Azər Orucov sədrlik edir.

2006-cı ilin mart ayında Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən həbs olunan şirkətin baş mühəndisi Asif Əkbərov, sayğac quraşdırma və nəzarət idarəsinin rəisi Firudin Ağayev, onun müavini Elnur Mütəllibov, enerji alışı idarəsinin rəisi Ələsgər Ramazanov, onun müavini Rahib Musayev və Binəqədi rayonunun enerji satışı üzrə aparıcı mühəndisi Əhliman Mahmudov dövlət əmlakını mənimsəməkdə və vəzifə səhlənkarlıqlarında təqsirli bilinərək avqust ayının əvvəlində məhkəmə istintaqına cəlb olunublar.

Məhkəmə iclasının gedişatında təqsirləndirilənlən şəxslərin hər birinin vəkili istintaq zamanı müdafiə etdikləri şəxslərə qarşı ittihamların sübut olunmadığını bildirərək onların barəsində seçilən həbs-qətimkan tədbirinin dəyişdirilməsi, cinayət işinə hətta xitam verilməsi ilə bağlı vəsatətlərlə çıxış ediblər. Dövlət ittihamçısı Çingiz Şükürov isə "Barmek" əməkdaşlarının çox ciddi cinayət əməllərində təqsirli bilindiklərini qeyd edərək, vəsatətlərin təmin olunmasının mümkünsüzlüyünü və məhkəmə araşdırmasının davam etdirilməsinin zəruriliyini bildirib və beləliklə də vəsatətlər təmin olunmayıb və məhkəmə iclası 3 aydan artıq davam etdirilib.

Məhkəmə yolu ilə müəyyən edilib ki, "Azərenerji" ilə "Barmek" arasında bağlanan müqaviləyə əsasən hesablayıcı sayğaclar düzgün işləməmiş, müttəhimlərin və digərlərinin səhlənkarlığı üzündən "Azərenerji"yə külli miqdarda ziyan dəymişdir.

Qeyd edək ki, Respublika Prokurorluğunun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən "Barmek"in daha 7 əməkdaşı da hazırda həbsdədir.

Xəbər lenti

Xəbər lenti