Azərbaycan, Bakı, 31 yanvar /Trend/
"Qəbələ" İdman Klubunun peşəkar futbolçu Marat İzmaylovun icarə əsasında kluba keçidi üçün Portuqaliyanın "Portu" klubu və futbolçu ilə apardığı danışıqlar müsbət nəticələnib.
Trend klubun saytına istinadən məlumat verir ki, rusiyalı futbolçu ilə 2014-cü il iyun ayının 30-dək müqavilə imzalanıb.
1982-ci ildə Moskvada anadan olan M.İzmaylov peşəkar futbolçu karyerasına 2000-ci ildə "Lokomotiv"in əvəzedici heyətində başlayıb. Moskva təmsilçisinin ikinci komandasında 18 oyun keçirən və 1 qola imza atan futbolçu qısa müddət sonra "Lokomotiv"in əsas heyətində debüt edib. "Dəmiryolçular"ın heyətində 7 il çıxış edən Marat bu müddət ərzində 2 dəfə Rusiya çempionluğu sevincini yaşayıb. 1 dəfə Rusiya Kubokuna, 2 dəfə isə Rusiya Superkubokuna sahib olub.
2007-ci ildən etibarən karyerasını Portuqaliyada davam etdirən M.İzmaylov "Sportinq" Lissabon (2007-2013) və "Portu"nun (2013) şərəfini qoruyub. Futbolçu "Sportinq"in heyətində 1 dəfə Portuqaliya Kubokunun, 2 dəfə isə Portuqaliya Superkubokunun qalibi olub. Marat Portuqaliya çempionluğu sevincini isə ötən mövsüm "Portu"da yaşayıb. O bu komanda ilə həmçinin ölkə Superkubokuna sahib olub.
35 dəfə Rusiya yığmasının formasını geyinən Maratın hesabında 2 qol var.