...

Komanda çox güc sərf etdi, sonunda istədiyinə nail oldu - Qurban Qurbanov

İdman Materials 22 Sentyabr 2023 00:28 (UTC +04:00)
Komanda çox güc sərf etdi, sonunda istədiyinə nail oldu - Qurban Qurbanov

Bakı. Trend:

Tarixi qalibiyyətimizlə əlaqədar ilk növbədə xalqımızı təbrik edirəm. 30 illik gərginlikdən sonra bu gün sanki ikinci zəfəri hiss etdik. Ali Baş Komandana təşəkkür edirəm. Yenilməz Ordumuza təşəkkür edirəm. Bu tarixi Qələbədən ruhlanan “Qarabağ” komandası da bu gün çox güc sərf etdi və sonda istəyinə nail oldu.

Trend-in məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin I turunda Bakıda Norveçin "Molde" klubu ilə oyundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis “Molde” komandasının səfərdə onlara sürpriz edə biləcəklərini vurğulayır: “Bu oyun bizi aldatmamalıdır. Rəqibi analiz etmişdik. Vacib olan icraçılar idi. Futbolçular nizam-intizamlı oynadılar. Əminəm ki, dünənki zəfərin futbolçulara köməyi oldu. Daha rahat sərbəst, sevincli idilər. Oyundan əvvəl legionerlərə dedim ki, əminliklə rahat olun ki, çox rahat, müharibə olmayan ölkədəsiniz. Onsuz da onlar bilirdilər ki, Azərbaycanda hər şey çox gözəldir. Sadəcə bu da onlara əlavə motivasiya verdi. Legionerlərimiz "Qarabağ"ın tarixi ilə maraqlanırlar".

Təcrübəli mütəxəssis irəli xətt oyunçularının topu özlərində çox saxlamalarına münasibət bildirib: “İstəmərik ki, futbolçularımız mənasız hərəkətlər etsinlər. Çalışarıq ki, daha da ciddi, mənalı olsunlar. Amma elə oyun idi ki, top bəzən dediyinə qulaq asmır. Hücumlarımızı düşünərək etmişdik. İnşallah, gələcəkdə daha diqqətli olarlar".

Baş məşqçi komandanın heyətində avrokubokda ilk oyununu keçirən qapıçı Andrey Lunyovun çıxışını dəyərləndirib: “Lunyov normal oynadı. Təcrübəli qapıçıdır. Belə atmosferdə çox oynayıb. Təcrübəsi bizə kömək edə bilər. Bir az narahatlığım var idi. Çox oynamamışdı. Amma onun təcrübəsinə güvəndik. O da bundan yaxşı faydalana bildi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti