...

Səfərə ümidsiz getməyəcəm, daha yaxşı oyun göstərəcəyik - Qurban Qurbanov

İdman Materials 8 Mart 2024 01:50 (UTC +04:00)
Səfərə ümidsiz getməyəcəm, daha yaxşı oyun göstərəcəyik - Qurban Qurbanov

Bakı. Trend:

"Azərkeşlərimizə təşəkkür edirəm. Belə bir yağışlı havada bizimlə oldular. Bu gün əsl futbol ab-havası var idi”

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda "Bayer"lə 2:2 hesablı heç-heçə etdikləri Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis Bundesliqanın lideri ilə görüşdəki nəticəyə görə futbolçularına təşəkkür edib: “Qalib gələ bilərdik. Mənim üçün əsas nizam-intizamlı oyun göstərmək idi. Futbolçuların nə qədər gücü var idisə, mübarizə apardılar. Belə rəqibə qarşı sürəti qorumaq heç də asan deyildi. Rəqib ikinci hissədə ən yaxşı oyunçularını meydana buraxdı. Futbolçularımdan razı qaldım”.

- Bu mərhələyə gəlmək böyük bir tarix idi. Almaniya ilə Azərbaycan futbolu arasındakı fərq göz önündədir. Hər şey düzgün inkişaf etsə, “Bayer”lə heç-heçəni normal qəbul edərik?

- ⁠Fikir bildirmək mənim üçün çətin olar. Bir çox Avropa ölkələrin futbolunda iş elə qurulub ki, rəhbərlər, məşqçilər və futbolçular dəyişsə də, mexanizm davam edir. Bu önəmlidir. Bizim üçün heç də asan deyil. Bizim daha bərk və möhkəm olmağımız üçün atacağımız addımlar çox vacibdir. Biz nələr etsək də, onlar bizdən üstün olacaqlar. Amma ayrı-ayrı oyunlara hazırlaşıb, nəticə əldə etmək olar. Bu fərqi həmişə görəcəyik.

- ⁠Cavab oyunundan nə gözləyirsiniz?

- ⁠İnanın ki, məyus deyiləm. Yorğun görünə bilərəm. “Bayer”in gücündən hamımız danışırıq. Amma səfərdə biz daha yaxşı oyun göstərməliyik. Dayanmamışıq. Uğurlar əldə etmək üçün böyüklərə qalib gəlmək lazımdır. Məğlub olsaq da, qalib gələrək onlardan üstün olmalıyıq. Bu gün olmasa da, sahah və ya gələcək günlərdə o səviyyəyə yaxınlaşa biləcəyik.

- ⁠Bu gün stadionda qadın azarkeşlər çox idi. Xanımlar sanki oyundakı nəticəni də 8 mart hədiyyəsi kimi qəbul etdilər. “Qarabağ”ın uğurlarını Azərbaycan dövlətinin siyasəti kimi yozurlar. Bu gün “Bayer”ə 2 qol vurmaqla bunun belə olmadığını sübut etdiz?

- ⁠Əvvəlki mətbuat konfranslarından da fərqli, bu gün burada xanımlar daha çoxdur. Azərbaycanlı kişilərin qadınlara verdiyi dəyər digər millətlərdən fərqlidir. Dəfələrlə bunun şahidi olmuşam. Hər zaman üzünüz gülsün, daima özünüzü inamlı hiss edəsiz ki, Azərbaycanda bu cür kişilər var, qadınlara hörmət edib, qoruyurlar. Digər məsələyə gəlincə, futbol siyasətdən uzaqdır. Amma nə qədər də uzaq tutsaq, siyasətə qarışır. Dəfələrlə səfər oyunlarında düşmənlərimiz ağılsızlıq edərək, guya özlərini göstərmək istəyiblər. Baş açmamışam. “Qarabağ” ad olaraq, bəzən siyasətə qarışıb. Dəfələrlə demişəm ki, biz Azərbaycanın övladlarıyıq, bu ölkəni təmsil ediriksə, daim xaricdə özümüzü layiqincə göstərməliyik. Hər zaman qonaqpərvərik, kiminsə malında, torpağında gözü olmayan millət kimi tanınırıq. İstəməsək də, ola bilər siyasi tərəfdən adımız hallanır. “Qarabağ” adı mənim, hamı üçün çox önəmlidir. Çalışırıq ki, özümüzü daim intizamlı aparaq. Mən özüm siyasətdən uzağam, siyasətin dərinliklərin bilmirəm.

- ⁠Cəzalı futbolçuların olmaması nəticəyə təsir göstərdi?

- ⁠Faiz olaraq deyə bilmərəm, amma təsiri oldu. Belə oyunlarda sürəti, dinamikanı qoruyub-saxlamaq çox önəmlidir. Elvin Cəfərquliyev və Julio Romao 90 dəqiqə meydanda gücləri çata bilən oyunçulardır. Sürətə, dinamikaya dözənlərdir. Bu gün bəzi futbolçuların gücləri sona yaxın tükəndi. Hətta əzələlərində problem yarandı.

- ⁠Qarşılaşmadan öncə hesabın 2:2 olacağını desəydilər, hamı razılaşardı. Bəs bu oyunu səfərdə də göstərmək mümkündür?

- ⁠Biz hər şeyə real baxmalıyıq. Oyundan əvvəl bəlkə də ən inamlı olan mən idim. Rəqibə qarşı düzgün oyun quraraq komandanın yaxşı oyun göstərəcəyinə inanırdım. Hər yerdə oxuyurdum, çoxlu zənglər gəlirdi ki, “Bayer” çox güclüdür, məğlub olsaq da, canımız sağ olsun. Amma inanırdım ki, bu rəqibə qarşı Bakıda yaxşı nəticə qazana bilərik. Səfərə də ümidsiz getməyəcəm. Komandamı ilk matçla müqayisədə daha yaxşı hazırlayıb, daha yaxşı oyun göstərəcəyik. Almanlar heç bir oyuna ötəri yanaşmırlar. Xabi Alonso ilə səfərdəki görüşümüzdə də bu haqda danışırdıq. O, mənə analizlər zamanı bəzi nöqtələrimiz haqda danışırdı. Bu onu göstərdi ki, bizə ciddi yanaşırlar. İstənilən halda, Leverkuzenə ümidsiz getmirik.

- ⁠ “Bayer” əsas oyunçularını ilk hissədə meydana buraxmadı. Bu sizin üçün gözlənilməz oldu?

- ⁠Gözlənilən idi. Ciddi dəyişiklik yox idi. Gözləyirdim ki, bir neçə futbolçusuna istirahət verəcək. Əvvəlki oyunlarımızda da heyət eyni idi. Virtz, Bonifase meydanda yox idi. Amma ikinci yarıda Virtz oynadı. Bəlkə də, üstünlükləri onda oldu. Onlar sonradan meydana çıxıb tempi yüksəldib, Hücumda Patrik Şikin oynayacağını düşünürdük, ancaq Borxa İqlesiasi gördük.

- "Neftçi" ilə oyunda "Bayer"lə görüş üçün bəzi taktiki gedişləri sınaqdan keçirdiyinizi demişdiz. İstədikləriniz alındı?

- ⁠Qolların iksini daha sürətli hücümlarla vurduq. “Bayer” həm müdafiədə, eləcə də bütün mövqelərdə Avropanən ən sürətli komandasından biridir. "Neftçi" ilə matçda da sürətli qollarımız oldu, “Bayer”lə görüşdə də. Juninyonun daha bir epizodu oldu, amma alınmadı. Müdafiə olunanda da bir-iki element var idi ki, “Neftçi” ilə matçda sınaqdan keçirmişdik. Bu gün də reallaşdırdıq. Sadəcə sona qədər qoruyub-saxlaya bilmədik, yoruldular.

- ⁠Juninyonun vəziyyəti necədir?

- ⁠Ola bilər ki, əzələlərində problem yaransın. Sabah dəqiqləşəcək. Həkimlərin dediyinə görə, onda 70 faiz yorğunluq deyil, zədədir. Qalanlarının vəziyyəti isə yaxşıdır.

- 2010-cu ildə "Borussiya"ya Bakıda 0:1 hesabı ilə məğlubiyyətdən sonra demişdiz ki, bu cür komandalarla oynamağa hazır deyilsiz. 14 il ərzində nə dəyişdi ki, artıq "Bayer"i məğlub etməyə belə yaxın idiz?

- ⁠Gəlin, etiraf edək ki, 1-2 oyuna komandanı belə qarşılaşmalara kökləmək olur. Amma bunu ilboyu etmək çətindir. 1/8 final mərhələsi olduğu üçün futbolçular çox həvəli idilər. Bizdə dəyişiklik olub. 14 il ərzində təcrübəm artıb, komanda olaraq böyümüşük. Amma rəqiblərimiz də günü-gündən inkişaf edərək, önə gedirlər. Biz hər bir halda ustalıq seriyasını düşünməliyik. Belə rəqiblərə qarşı mübarizə aparıb, daha çox güclənməliyik.

- Sanki Aleksey İsayev komandaya tam uyğunlaşa bilmir. Bu barədə nə düşünürsüz?

- ⁠Əksinə, o komandaya uyğunlaşır. Sadəcə, Avropa Liqasında az iştirak etsə də, çempionatda çox oyuna çıxır. Hansısa matça kimsə çıxmırsa, bu o demək deyil ki, həmin futbolçu komandaya uyğunlaşa bilmir.

- ⁠Zubirin psixoloji durumu necədir və ona necə dəstək oldunuz?

- Heç kimə irad bildirmədim. ⁠Oyun epizodudur. Top bəzən istədiyin kimi adresinə getmir. Futbolda biz səhv edirik, rəqib istifadə edir ya da əksi olur.

- ⁠Rəqiblə oyuna ciddi hazırlaşmaq üçün Premyer Liqa matçınızın təxirə salınmağını istəyəcəksiz?

- Xeyr, artıq gecdir. Əvvəlki oyunlarda olduğu kimi rotasiyalar edəcəyik. Həmişə olduğu kimi öz planımıza uyğun işləyəcəyik.

Qeyd edək ki, "Bayer" - "Qarabağ" cavab matçı martın 14-də baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti