Bakı. Trend:
"Çətin vəziyyətin öhdəsindən gəldik. Futbolçular çox yaxşı komandanı mübarizədən kənarlaşdıra bildilər.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Təcrübəli mütəxəssis Çempionlar Liqasının III təsnifat mərhələsində "Lüdoqorets" üzərində qazanılan 7:2 hesablı qələbəni şərh edib: "Futbolçular oyundan həzz almağı bacardılar. Qarşılaşmanın əvvəlində zədələr alacağınmızı gözləmirdik, amma bəzən belə olur. İki vacib oyunçunu dəyişməli olduq. Futbolçular çətin anda xarakter nümayiş etdirdilər. Biz vahid və güclü komanda olduğumuzu göstərdik. Çempionlar Liqasının əsas mərhələsinə yüksəlmək arzusundayıq. Pley-offda “Dinamo” (Zaqreb) kimi çətin rəqibə qarşı oynayacağıq”.
Qurban Qurbanov gərgin oyunların komandanı böyütdüyünü deyib: "Bu matçda məğlub olsaydıq da, oyundan həzz alırdım. Bakıda da bu komandanın gücünü görmüşdük. Bizə xoş olmayan oyun üslubuna malikdirlər. Bunun da qarşısını almalı idik. Hesabda öndə olsaq da, standart vəziyyətlərdən iki qol buraxdıq. Rəqibin ən üstün tərəfi olan əks-hücumlarda bir az diqqətsiz oynadıq. Amma oyunu ələ almağı bacardıq. Futbolçularla da söhbətimiz olmuşdu ki, sonadək soyuqqanlı oynamalıyıq. İlk dəqiqələrdə bir az həyəcan olsa da, oyunu tam ələ ala bildilər. Ümidsiz deyildim və futbolçulara demişdim ki, belə matçlardan çox keçmişik. Onlara hətta 120 dəqiqə oynamalı ola biləcəyimizi söyləmişdim. Psixoloji cəhətdən buna hazır olmalı idik. Futbolçularıma yalnız “afərin”, “əhsən” düşür. Bütün Azərbaycanı, azarkeşlərimizi təbrik edirəm. Bu oyun sanki bir triller idi. Bu, Azərbaycanın “Qarabağ”ı idi, mənim “Qarabağ”ım idi. “Qarabağ”ımı təbrik edirəm”.
Baş məşqçi Çempionlar Liqasının pley-offundakı rəqib Zaqreb “Dinamo”su haqqında da fikirlərini söyləyib: “Hazırda rəqib haqda heç bir məlumatın yoxdur. Bütün fikirlərimiz bu oyunda idi. “Dinamo” birbaşa pley-offda bizi gözləyən rəqibdir. Çox böyük təcrübəyə malik komandadır. Qarşıdakı günlərdə yaxından tanımağa çalışacağıq. Mərhələ keçdikcə, qarşıda daha ciddi, daha təcrübəli rəqiblər gözləyir. Buna hazır olmalıyıq. Bu matçın sevincini taz yaddan çıxarmalı və növbəti görüşə hazır olmağa çalışmalıyıq. Amma zədəlilərimiz problem yarada bilər. Belə qarşılaşmaların gedişində rotasiyalar etmək çox vacibdir. İnanıram ki, futbolçularım tam hazır olacaq. Çox istədim ki, bu kollektiv Çempionlar Liqasının əsas mərhələsində oynasın. Bu günə kimi çox böyük iş gördük. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək. Onlar bizə həmişə inanıblar, güvəniblər”.
Qeyd edək ki, "Qarabağ" iki oyunun nəticəsində görə "Lüdoqorets"i mübarizədən kənarlaşdıraraq, pley-offa yüksəlib.