Bakı. Trend:
Oğuz rayonunda “Kütləvi çıxarış” kampaniyası keçirilib.
Bu barədə Trend-ə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.
Bildirilir ki, kampaniya zamanı 100-ə yaxın yerli sakinə fərdi ev, həyətyanı torpaq sahəsi, pay torpaqlarının qeydiyyatına dair çıxarışlar təqdim edilib. 80-ə yaxın vətəndaşdan əmlaklarının qeydiyyatı üçün ilkin hüquq müəyyənedici sənədlər qəbul edilib.
Qeyd edək ki, əmlakın ilkin qeydiyyatı, yəni ilk dəfə sənədləşdirilməsi zamanı çöl-ölçmə işlərinin aparılması tələb olunur. "Kütləvi çıxarış" kampaniyasında işlər elə təşkil edilib ki, ilkin qeydiyyat üçün sənədlər qəbul edilərkən, sakinlərin istəklərindən asılı olaraq ilkin qeydiyyat üçün birbaşa olaraq çöl ölçmə işləri də aparılır. Bununla da qeydiyyat prosesində vaxt itkisi tamamilə aradan qalxır. Məhz bu kampaniya çərçivəsində də bir sıra sakinin əmlaklarının texniki parametrlərinin müəyyən edilməsi və texniki sənədlərinin hazırlanması məqsədi ilə tədbirlər görülüb.
"Kütləvi çıxarış" kampaniyası təkcə sənədlərin qəbulu və çıxarışların paylanmasını nəzərdə tutmur. Kampaniya zamanı müraciət edən və sənədlərində hər hansı çatışmazlıq olan vətəndaşlara bilavasitə yerlərdə hüquqi xidmətlər göstərilib. Onlara çatışmayan sənədlərin haradan və necə alınması barədə ətraflı izahat verilib.
"Kütləvi çıxarış" kampaniyasının ən vacib cəhəti onun bütün rayonları və kəndləri əhatə etməsidir. Start veriləndən etibarən bu kampaniya çərçivəsində hətta ən ucqar kəndlər də daxil olmaqla, yüzlərlə yaşayış məntəqəsinin sakinləri əmlakları sənədləşdirilib. İndiyədək respublikanın müxtəlif bölgələrində keçirilən bu kampaniya nəticəsində 8 mindən çox vətəndaşa əmlaklarına dair çıxarışlar təqdim edilib.
“Kütləvi çıxarış” kampaniyası ilə bərabər, respublikanın hər bir bölgəsində komitənin xüsusi nəqliyyat vasitələri ilə vətəndaşlara gündəlik olaraq fərdi qaydada mobil ofis xidmətləri də göstərilir. İndiyədək belə xidmətlər vasitəsilə 100 mindən çox müraciət təmin edilib.