...

Səfir: Azərbaycan Bolqarıstan üçün mühüm strateji partnyordur

İqtisadiyyat Materials 7 Noyabr 2016 11:33 (UTC +04:00)
Azərbaycan Bolqarıstan üçün mühüm strateji partnyordur
Səfir: Azərbaycan Bolqarıstan üçün mühüm strateji partnyordur

Bakı. Trend:

Bolqarıstanın Azərbaycan və Türkmənistandakı səfiri Maya Hristova Caspian Energy İnternational Media Group-un prezidenti və baş redaktorunun rəhbərliyi ilə Caspian Energy-nin nümayəndə heyətini qəbul edib.

Caspian European Club-dan Trend-ə verilən məlumata görə, görüş zamanı səfir Caspian European Club və Caspian Energy çərçivəsində informasiya əməkdaşlığının inkişafının vacibliyini qeyd edib:

“Azərbaycanla bizim aramızda dərin ənənəvi əlaqələr mövcuddur. Biz iqtisadiyyat, energetika, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığı inkişaf etdiririk”.

Xəzər regionu dövlətləri ilə əməkdaşlıq imkanlarına toxunan Maya Hristova vurğulayıb:

"Ölkələrimizin enerji sektorunda əməkdaşlığı strateji xarakter daşıyır. Bolqarıstan Azərbaycanın “Şah Dəniz” konsorsiumu ilə danışıqlarda göstərdiyi böyük dəstəkdən məmnundur. Məhz bunun sayəsində Azərbaycanın “Şah Dəniz” qaz-kondensat yatağının işlənməsi layihəsinin ikinci mərhələsindən etibarən 2020-ci ildən başlayaraq ildə 1 milyard kubmetr təbii qazın Bolqarıstana tədarükü ilə bağlı uzunmüddətli müqavilə imzalanıb”.

O, 2009-cu il noyabrın 13-də Sofiya şəhərində iki dövlətin energetika nazirlikləri arasında energetika sahəsində qarşılıqlı anlaşma və əməkdaşlıq, bundan bir qədər əvvəl isə SOCAR ilə Bolqarıstanın energetika holdinqi, SOCAR ilə “Bulqartransqaz” arasında qarşılıqlı anlaşma memorandumlarının imzalandığını qeyd edib:

“Bolqarıstan və Azərbaycan arasındakı birgə neft və qaz işçi qrupu ökələrimizin enerji əməkdaşlığının inkişafı üçün mühüm və uğurlu vasitədir. Həmin qrupun tərəfləri qismində Bolqarıstanın Energetika Nazirliyi, Bolqarıstanın energetika holdinqi və SOCAR çıxış edir”.

M.Hristova Bolqarıstanla Türkmənistan arasında siyasi və iqtisadi əməkdaşlığın intensiv dinamikasını vurğulayıb: “2015-ci ildən 2016-cı ilədək olan dövr ərzində iki ölkə arasında mühüm dövlət səfərlərinin mübadiləsinin aparıldığı məmnunluqla qeyd edilməlidir. Bu səfərlər müntəzəm dialoqun dəstəklənməsinə və əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhvəsini verib”.

Bolqarıstan qaz habının təşkilindən danışan səfir bunları vurğulayıb: "Habın təşkili zamanı qaz mənbələri çox olmalıdır. Rusiyadan, Yunanıstan interkonnektoru və bu haba birləşə biləcək digər enerji terminallarından qaz tədarükü həyata keçirilməlidir".

İki dövlət arasında 60-dan çox ikitərəfli sənədin imzalandığını vurğulayan səfir Azərbaycanla Bolqarıstanın hökumətlərarası komissiyalarının uğurlu işini qeyd edib.

Görüşün sonunda səfir Caspian Energy jurnalına eksklüziv müsahibə verib. Müsahibə zamanı o, ikitərəfli əlaqələrin inkişaf imkanlarına, iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsinə toxunub, enerji bazarının, turizm sektorunun və enerji əməkdaşlığının inkişaf perspektivlərindən danışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti