...

Səfir: Koreya şirkətləri Azərbaycanda zavodlar aça bilərlər

İqtisadiyyat Materials 6 Dekabr 2016 11:14 (UTC +04:00)
Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-Qyu (Kim Chang-gyu) Caspian Energy International Media Group-un prezidenti və baş redaktoru Natalya Əliyevanın rəhbərlik etdiyi Caspian Energy-nin nümayəndə heyətini qəbul edib.
Səfir: Koreya şirkətləri Azərbaycanda zavodlar aça bilərlər

Bakı. Trend:

Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-Qyu (Kim Chang-gyu) Caspian Energy International Media Group-un prezidenti və baş redaktoru Natalya Əliyevanın rəhbərlik etdiyi Caspian Energy-nin nümayəndə heyətini qəbul edib.

Caspian Energy-dən Trend-ə verilən məlumata görə, görüş zamanı Caspian European Club (Caspian Business Club) və Caspian Energy International Media Group çərçivəsində Azərbaycan-Koreya informasiya əməkdaşlığının genişləndirilməsi perspektivlərinə toxunulub. Azərbaycanda həyata keçirilən iqtisadi islahatları qiymətləndirən səfir qeyd edib ki, ölkənin güclü iqtisadiyyatı üçün diversifikasiya vacibdir.

“Koreya sənayenin bütün sahələrinin güclü inkişaf etdiyi dövlətdir. Neft-kimya sənayesi, istehsalat, yüksək texnologiya sahəsi, İKT, tibbi xidmət bizdə çox yaxşı inkişaf edib. Azərbaycan hökumətinin iqtisadiyyatın diversifikasiyası və təkmilləşdirilməsi üzərində işlədiyi bir vaxtda biz öz təcrübəmiz və texnologiyalarımız ilə bölüşməyə hazırıq” - deyən səfir əməkdaşlığın strateji istiqaməti qismində 5 sahəni – tibbi xidmət, İKT, neft-kimya, turizm və nəqliyyatı vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanda təmsil olunan bir çox Koreya şirkətlərinin burada ofisi olsa da, istehsalatı yoxdur.

“Azərbaycanda avtomobil və mobil telefon bazarı böyük olmadığından Koreya şirkətləri üçün burada istehsalatla məşğul olmaq bir o qədər də asan deyil. Lakin Gürcüstan, həmçinin Rusiyanın cənubu və Mərkəzi Asiyanın qərbi də daxil olmaqla Qafqaz bazarını ümumi şəkildə götürsək, zənnimcə, burada nəhəng istehsal qüvvəsi yaratmaq olar”, - deyən Kim Çanq-Qyu qeyd edib ki, istənilən halda “Samsung və Hyundai burada zavod açmaqda tərəddüd edəcək”.

Səfirin fikrincə, Koreya investisiyasının Azərbaycana gəlməsi üçün Azərbaycan hökuməti vergi, gömrük rəsmiləşdirilməsi və administrativ prosedurlarda Koreya şirkətlərinə böyük stimul vəd etməlidir.

Yüksək vəzifəli diplomatın sözlərinə görə, Koreya şirkətləri Azərbaycanda öz fəaliyyətlərini genişləndirməkdə böyük imkanlar əldə etsinlər deyə Koreya Respublikasının ABŞ-la bağladığı saziş kimi azad ticarət barədə razılaşma lazım olacaq. “Koreya investorları işlərində uğur qazanacaqlarına əmin olduqları halda həmin ölkəyə gəlirlər”, - deyə səfir vurğulayıb.

Onun sözlərinə görə, hökumət islahatlar həyata keçirməyə başladığı vaxtdan Azərbaycanda işgüzar mühit yaxşılaşıb. Buna baxmayaraq, hələ görüləsi işlər var.

“Mən Azərbaycan hökumətinin ölkədəki işgüzar mühiti yaxşılaşdırmaq istiamətində gördüyü işləri yüksək qiymətləndirirəm. Hökumət bu sahədə kifayət qədər uğurla çalışır. Nəticədə ölkəyə müəyyən həcmdə xarici investisiyanın daxil olması təmin edilib. Əminəm ki, islahatlar davam edəcəyi təqdirdə bir çox xarici şirkətlər Azərbaycana investisiya qoyacaqlar”, - deyə o bildirib.

Enerji əməkdaşlığından bəhs edərkən səfir qeyd edib ki, Koreya sənayesinin neft-kimya sahəsində rəqabətədavamlılığı yüksək olduğu üçün bu sahəyə diqqət yetirilməlidir. “Biz öz ölkəmizdə neft və ya qaz çıxarmırıq, lakin xeyli miqdarda neft-kimya məhsulu istehsal edib xarici ölkələrə ixrac edirik. Neft-kimya məhsulları ölkəmizin ixracatında həqiqətən birinci yeri tutur. Ölkələrimiz bu sahədə əməkdaşlıq edə bilərlər”, - deyə səfir vurğulayıb.

Hazırda Koreya şirkəti Sumqayıtda mineral gübrə istehsalatı üzrə zavod inşa edir. “Biz zavodlarımız üçün daha aşağı qiymət və daha yüksək keyfiyyət təmin edə bilərik. Koreya şirkətləri Azərbaycanda neft-kimya zavodlarının yaradılması üzrə əməkdaşlıq etməyə hazırdırlar”, - deyə səfir qeyd edib.

Onun sözlərinə görə, Koreya Respublikası İKT sahəsində öz təcrübəsini və texnologiyalarını fəal şəkildə başqa dövlətlərlə paylaşır. O, xüsusilə qeyd edib ki, Azərbaycan İKT üzrə əməkdaşlıq sahəsində olduqca mühüm dövlətdir. Səfir bildirib ki, gələn il iki dövlət arasındakı diplomatik münasibətlərin yaradılmasının 25 illiyi ilə əlaqədar Azərbaycana Koreyanın çoxsaylı nümayəndə heyətinin səfəri və birgə mədəni, siyasi, elmi və iqtisadi tədbirlərin keçirilməsi planlaşdırılır.

Səfir həmçinin söyləyib ki, hazırda iki ölkə arasında birbaşa aviareysin açılması ilə bağlı AZAL-la danışıqlar aparılır: "Biz iki variant təklif edirik. Birinci variant Bişkəkdən birbaşa reysdir. Bildiyiniz kimi, Bişkək buradan Seul istiqamətində birbaşa xətt üzərində yerləşir. İkinci variant isə Monqolustandan, Ulan-Batordan keçən reysdir".

Görüşün sonunda səfir Caspian Energy jurnalına eksklüziv müsahibə verib. Müsahibəsində o, ticarət mübadiləsinin inkişaf perspektivləri, iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi barədə ətraflı söhbət açıb, enerji bazarının inkişaf perspektivlərindən bəhs edib, həmçinin turizm sektorunun və enerji əməkdaşlığının inkişafı məsələlərinə toxunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti