Bakı. Trend:
Azərbaycanın təkmilləşdirilmiş infrastruktura ehtiyacları böyükdür.
Trend-in məlumatına görə, bunu Dünya Bankı Qrupunun İcraçı vitse-prezidenti və İnvestisiyalara Zəmanət üzrə Çoxtərəfli Agentliyin (MİGA) İcraçı Direktoru xanım Keyko Honda deyib.
O bildirib ki, dünyada çatışmayan maliyyələ resursları yox, mənfəətli layihələrdir: "Azərbaycanın təkmilləşdirilmiş infrastruktura ehtiyacları böyükdür və bu ehtiyacların qarşılanması üçün sərhədlərarası investorların imkanlarından istifadə edilə bilər. Mən ölkənin inkişaf məqsədlərinə nail olması üçün özəl kapitalın cəlb edilməsində MİGA-nın necə yardım edə biləcəyini öyrənməyə ümid edirəm”.
K.Honda bu gün Bakıya səfəri çərçivəsində hökumət rəsmiləri və potensial sərhədlərarası özəl investorlarla görüşür.
MİGA-nın səfərlə bağlı məlumatında qeyd edilir ki, Azərbaycan hazırda orta müddətli inkişaf strategiyasını müəyyənləşdirməkdədir və hökumət özəl sektorun inkişafı üçün mühitin yaxşılaşdırılması məqsədilə islahatların həyata keçirilməsinin sürətləndirilməsinə xüsusi diqqət ayırır.
Qeyd edək ki, 2017-ci maliyyə ilində MİGA qeyri-kommersiya risklərinin sığortalanması və kredit potensialının gücləndirilməsi ilə inkişaf etməkdə olan ölkələrə yatırılan 4,7 milyard dollar dəyərində beynəlxalq özəl investisiyaları dəstəkləyib. 1988-ci ildən etibarən MİGA 110 ölkədə 800-dən artıq layihəni dəstəkləyib. MİGA 1988-ci ildə valyuta konvertasiyası və transferi üçün məhdudiyyətlər, dövlətlər tərəfindən müqavilələrin pozulması, müsadirə, müharibə və mülki iğtişaşlarla bağlı riskləri yumşaltmağa yardım etməklə və özəl investor və kreditorların kredit potensialının gücləndirilməsi ilə inkişaf etməkdə olan iqtisadiyyatlara yatırılan birbaşa xarici investisiyaları dəstəkləmək məqsədilə Dünya Bankı Qrupu təşkilatı kimi yaradılıb.