Şuşa. Trend:
2023-cü ilin sonuna kimi Şuşada "ASAN xidmət" və "DOST Mərkəzi" üçün bina tikiləcək.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Şuşada keçirilən Bakı-Şuşa Beynəlxalq Forumunun ikinci günündə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanın digər şəhərlərində olduğu kimi, Şuşada da əhaliyə müasir texnologiyalar əsasında xidmətlər göstəriləcək.
“Bundan başqa, bizim çox mühüm ev tikintisi layihəmiz var", - deyə o bildirib.
Kərimov xatırladıb ki, hazırda Şuşada iki mehmanxana və bir hostel fəaliyyət göstərir.
"Beşulduzlu otel və konqres mərkəzi tikilir. Bu işlər artıq 60 faiz yerinə yetirilib. Bundan başqa, "Xarı bülbül" otelinin ikinci korpusu tikilir. Bütün bu işlərin 2023-cü ilin sonuna kimi həyata keçirilməsi və Şuşada 700 yaşayış yerinin yaradılması nəzərdə tutulub”, - deyə Kərimov əlavə edib.