...

“Agro Dairy”nin hədəfi Azərbaycanın xaricdən ərzaq asılılığının azadılması və ərzaq təhlükəsizliyinin təmin olunmasıdır - Niyazi Əmirbəyov (FOTO)

İqtisadiyyat Materials 11 Aprel 2023 20:49 (UTC +04:00)
“Agro Dairy”nin hədəfi Azərbaycanın xaricdən ərzaq asılılığının azadılması və ərzaq təhlükəsizliyinin təmin olunmasıdır - Niyazi Əmirbəyov (FOTO)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

“Agro Dairy”nin gələcək hədəfi Azərbaycanın xaricdən ərzaq asılılığının azadılması və ərzaq təhlükəsizliyinin təmin olunmasıdır”.

Bunu Trend-ə müsahibəsində şirkətin icraçı direktoru Niyazi Əmirbəyov deyib.

Həmin müsahibəni təqdim edirik:

- Mediada “Agro Dairy” şirkəti barədə ümumi məlumatlara rast gəlinir. Həmçinin şirkətin kənd təsərrüfatı sahəsində geniş fəaliyyət göstərdiyi bildirilir. Müsahibəni fəaliyyətinizin istiqamətləri barədə daha ətraflı məlumatla başlaya bilərikmi?

- Öncəliklə, məni müsahibəyə dəvət etdiyiniz üçün sizə təşəkkürümü bildirirəm. Əlbəttə, deyə bilərəm ki, şirkətimiz ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması və müvafiq dövlət proqramlarının icrası zərurətindən irəli gələrək 2014-cü ilin sonlarında yaradılıb.

Ümumilikdə, “Agro Dairy” Hacıqabul, Samux və Tovuz rayonları olmaqla 60 min hektar ərazidə əkin işlərini həyata keçirir. Bundan əlavə, şirkət tərəfindən icra olunan “İrimiqyaslı təsərrüfat layihəsi” Samux, Tovuz və Hacıqabul rayonları ərazilərində xüsusi suvarma altında 17 min hektar əkinə yararsız sahələri əkin dövriyyəsinə cəlb etməyə imkan verib.

Xüsusilə vurğulamaq lazımdır ki, bu torpaqlar əkin üçün yararlı olmayan torpaqlar olduğundan illər boyu istifadəsiz qalıb. Ərazilər mürəkkəb relyefə malik, çökəkliklərdən, eroziyaya uğramış torpaqlardan ibarət olub. Bu ərazilərin torpaqları ağır gilli, struktursuz, su sızdırma qabiliyyəti olmayan yarımsəhra torpaqlardan ibarət olduğundan, burada hər hansı bir infrastruktur mövcud olmayıb.

əvvəl

sonra

- Hazırda bu ərazilərdə fəaliyyətinizi necə qurmusunuz?

- “Agro Dairy” ölkəmizdə kənd təsərrüfatı sektorunun ehtiyaclarına uyğun olaraq, daha müasir texnologiyaları tətbiq edir, innovativ təcrübələri cəlb edir və cəsarətli yeni düşüncə tərzlərini təşviq edərək yenilikçi kənd təsərrüfatı prosesini icra edir.

Hazırda qeyd edilən ərazilərdə mövcud suvarma və elektrik təchizatı sistemləri qurulub, eləcə də geniş infrastruktur şəbəkəsi formalaşdırılıb ki, beləcə torpaqların münbitliyinin artırılması tədbirlərinin həyata keçirilməsində əsaslı irəliləyişlərə nail olunub. Davamlı əkinçilik sisteminin və innovativ texnologiyaların tətbiqi nəticəsində payızlıq dənli bitkilər, şəkər çuğunduru və digər bitki məhsulları istehsalında yüksək və rekord məhsuldarlıq göstəricilərinə nail olunub.

Əkin sahələrində quraşdırılmış iqlim hava stansiyaları İqlim monitorinqi həyata keçirməyə imkan yaradır. 14 gün ərzində sahələrə uyğun hava proqnozu almaq, xəstəlik və zərərvericilərlə bağlı xəbərdarlıq, əkin və biçin vaxtlarının müəyyənləşdirilməsi, real vəziyyətdə torpaq nəmliyinin ölçülməsi​, bitkilərin su tələbatının hesablanması, torpaq nəmliyinə və elektrik keçiriciliyinə nəzarət, şum, becərmə, gübrələmə və pestisid tətbiqi üçün ideal vaxtların müəyyənləşdirilməsi bu avadanlıqlar vasitəsi mümkündür.

- Hazırda dünyada əksər ölkələrin önəm verdiyi mövzulardan biri qlobal istiləşmə mövzusudur ki, kənd təsərrüfatı sahəsinə də bu prosesin çox ciddi təsiri var. Şirkət öz fəaliyyətində bu mühüm amili nəzərə alırmı?

- Birmənalı olaraq bəli. Mexanikləşdirmə və avtomatlaşdırma sayəsində şirkətin həyata keçirdiyi tədbirlər, ağıllı kənd təsərrüfatı sisteminin elementlərini özündə ehtiva edir. Ölkəmizin və dünyanın önəm verdiyi resursların tükənməsi, iqlim dəyişikliyi və ərzaqa təlabatın yüksək sürətlə artması kimi çətinliklər “Agro Dairy” şirkətinin ağıllı kənd təsərrüfatı sisteminin tətbiqi ilə öz həllini tapır.

Bundan əlavə, əkin altında olan sahələrdə iqlim/hava stansiyalarının və pivot suvarma sisteminin köməkliyi ilə ənənəvi suvarma üsulu ilə müqayisədə suya 40% qənaət edilir, suvarma tez başa çatır, suvarma zamanı su axını avtomatik rejimdə tənzimlənir və hər sahə yalnız tələb olunan həcmdə su qəbul edir.

- Yeni texnologiyaları qeyd etdiniz. Bu texnologiyaların tətbiqi şirkətinizin proseslərə baxışı ilə tənzimlənir?

- Tamamilə doğrudur. Şirkətimiz artıq 9 ildir ki, ölkəmizdə kənd təsərrüfatının inkişafına öz müasir və yenilikçi ideyalarını təqdim və onları iş prosesində tətbiq edir.

Əməliyyatların idarə oluması üçün CTF (Sahə texnikasının nəzarət olunan hərəkəti), RTK (Real vaxt kinematikası), bort kompüter sistemləri ilə təchiz olunmuşdur. Kombaynlar tarlalarda məhsuldarlığı müəyyən etməyə və real vaxt rejimində aqronomları zəruri məlumatla təmin etməyə qadirdirlər. Bununla da biz yanacağa qənaət edərək, daha effektiv işləmə mexanizmindən istifadə edirik.

Bundan əlavə, şirkətimizin istifadə etdiyi qabaqcıl peyk texnologiyası və dronlar vasitəsilə zamanın istənilən məqamında tarlaların vəziyyətini izləmək mümkündür.

Yüksək texnologiyaların tətbiqi, yeni nəsil kadrların formalaşması, dünya standartlarına uyğunlaşma, innovativ texnologiyaların tətbiqi, ağıllı kənd təsərrüfatı sisteminin inkişaf etdirilməsi birbaşa olaraq şirkətimizin strateji baxışından qaynaqlanır.

Ümumilikdə, "Agro Dairy"nin gələcək hədəfi Azərbaycanın xaricdən ərzaq asılılığının azadılması və ərzaq təhlükəsinin təmin olunmasıdır.

- Əməkdaşlarınız necə? Bu yeni texnologiyaların istifadəsinə kifayət qədər hazırlıqlıdırlarmı?

- Şirkət yerli və əcnəbi işçi heyətindən ibarət peşəkar, savadlı, kənd təsərrüfatı sahəsində yüksək ixtisas və təcrübə əldə etmiş əməkdaşları bir araya toplayıb. Fəaliyyətimiz dövründə regionlarda vətəndaşların işlə təmin olunmasına da əsaslı töhfə vermişik. Hazırda regionlarımız da daxil olmaqla, 650 nəfərdən çox işçi şirkətimizdə çalışır. Əlavə edim ki, əməkdaşlarımız fəaliyyətləri zamanı əldə olunan bilik və təcrübələri digər fermer təsərrüfatları, gənc fermerlər və kənd təsərrüfatında maraqlı olan şəxslərlə bölüşərək, sektorun inkişafına təkan verirlər.

Bundan əlavə, şirkətimiz mütəmadi olaraq fermerlər üçün bu kimi mövzularda təlimlər də təşkil edir.

- Təşəkkür edirik.

- Mən təşəkkür edirəm.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti