...

Mastercard Azərbaycan bazarında monetizasiya üzrə yeni həllər təqdim edəcək (ÖZƏL MÜSAHİBƏ)

İqtisadiyyat Materials 27 Dekabr 2023 10:41 (UTC +04:00)
Mastercard Azərbaycan bazarında monetizasiya üzrə yeni həllər təqdim edəcək (ÖZƏL MÜSAHİBƏ)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın zamanda Mastercard qlobal ödəniş sistemi Azərbaycan bazarında monetizasiyanın sürətləndirilməsi üzrə yeni həllər təqdim edəcək.

Bu barədə Trend-ə özəl müsahibəsində MasterCard-ın Azərbaycan və Türkiyə üzrə baş direktoru Avşar Gürdal deyib.

Onun sözlərinə görə, Azericard və Mastercard bir sıra layihələrin reallaşdırılması, eləcə də, kart biznesi və fintex sektorunun inkişafı üçün qabaqcıl dünya və regional praktikaların öyrənilməsi üzrə səyləri birləşdirməyi planlaşdırır.

"Ötən il Mastercard və Azericard verilənlərin monetizasiyası üzrə strateji tərəfdaşlıq çərçivəsində Anlaşma Memorandumu imzalayıb. Həmin vaxtdan biz strateji tərəfdaşımız olan Azericard ilə bu qərarların hazırlanması və inkişafı üçün sıx əməkdaşlıq edirik. Çox tezliklə birlikdə onları bazara çıxaracağıq. Yekun məqsəd tərəfdaşlarımıza daha səmərəli və təsirli biznes qərarlarının qəbulu üçün bu bazardakı böyük məlumat resurslarından istifadə etməyə kömək göstərməkdən ibarətdir", - o deyib.

Bundan başqa, Gürdal Mastercard-ın Azərbaycanda mobil nömrə üzərindən pul köçürmələrinin aktivləşdirilməsi üzərində fəal çalışdığını qeyd edib.

Onun sözlərinə görə, hazırda Mastercard bu məsələ ilə bağlı Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə əməkdaşlıq edir.

"Masterpass ənənəvi prosesi təkrar qiymətləndirməklə, müştərilərin mobil telefon nömrəsinə pul köçürmələrinə imkan verən həldir. Misal üçün, alıcının 16 rəqəmli bank kartının kodunu daxil etmədən, sadəcə həmin şəxsin mobil telefon nömrəsini daxil etməklə öz smartfonunuzdan vəsait köçürə bilərsiniz.

Alıcılar yalnız telefon nömrələrini qeyd etməklə vəsaiti öz bank hesablarında qəbul edəcəklər. Bu, qarşılıqlı komfort üçün prosesi əhəmiyyətli dərəcədə sadələşdirir. Biz artıq mövcud olan informasiyadan - mobil telefon nömrəsindən - istifadə etməklə pul köçürməsini mümkün etdik. Bank kartları barədə informasiya fon rejimində şifrələnir, tranzaksiyalar isə Masterpass vasitəsilə həyata keçirilir. Burada təhlükəsizlik ilk yerdə dayanır.

Faktiki olaraq, biz Masterpass-ı Azərbaycanda elektron kommersiyanın sadələşdirilməsi üçün tətbiq etdik. Lakin bu həll elektron kommersiya ilə məhdudlaşmayacaq, o, yalnız pul köçürmələri üçün tətbiq olunacaq. Masterpass təkcə Azərbaycan bankları arasında pul köçürmə əməliyyatları üçün deyil, həm də mobil telefon nömrəsindən istifadə etməklə Türkiyə və digər ölkələrdə qeydiyyatdan keçmiş bank hesablarına pul köçürmək üçün istifadə olunacaq.

Hansı üstünlükləri gözləmək olar? Həm ölkə daxilində, həm də ölkədən kənarda pul köçürmələri eyni cür işləniləcək ki, bu da istehlakçıların həyatını asanlaşdıracaq. Biz hazırda bu məsələ üzərində fəal şəkildə çalışırıq", - deyə o qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanda Açıq Bankçılıq (Open Banking) tətbiq olunandan sonra daha çox kiçik və orta müəssisələr kreditlərə çıxış imkanı əldə edəcək.

"Open Banking iqtisadiyyatın rəqəmsallaşdırılmasının çox mühüm elementidir. Mahiyyətcə, bu istifadəçilərin öz məlumatlarına nəzarət etməsinə imkan verir. Azərbaycan Mərkəzi Bankının (AMB) bildirdiyinə görə, bu xidmət tezliklə ölkədə əlçatan olacaq və bazar onun tətbiqinə hazırlaşır. Open Banking işə düşən kimi kiçik və orta biznes (KOB) üçün bu sistem vasitəsilə kreditlərə çıxış imkanı və mühasibat həlləri kimi əlverişli təkliflərin yaranacağını gözləyirik. Buna misal olaraq, Böyük Britaniyanı göstərmək olar: ölkədə açıq bankçılıq tətbiq olunanda kiçik və orta müəssisələrin 75 faizi kreditlərə çıxış imkanı əldə etdi, əvvəl isə bu göstərici 50 faiz idi.

Azərbaycan bazarında da hadisələrin gedişatının analoji olacağını gözləyirik. Açıq bankçılığın əsas üstünlüklərindən biri müştərilər haqqında daha ərtaflı məlumata çıxış imkanıdır ki, bu da bankların və maliyyə institutlarının kredit ayırma barədə qərarları optimallaşdırmasına imkan verir. İkinci mühüm aspekt biznesin pul axınlarına nəzarət etməsinə və banklardakı nağd vəsaitlə işləməsinə imkan verən mühasibat həlləridir. İstifadəçilər nöqteyi-nəzərindən açıq bankçılıq şəxsi maliyyə vəsaitinin idarə olunması üzrə qərarlara çıxış imkanını təmin edir. Artıq digər banklardakı hesab, ödəniş və investisiyaları bir nöqtədən asanlıqla idarə etmək olar ki, bu da müştərilər üçün rahatlığı əhəmiyyətli dərəcədə artırır", - o deyib.

Gürdal Mastercard-ın son bir neçə il ərzində kiberməkana fəal şəkildə investisiya yatırdığını vurğulayıb.

"Kibertəhlükəsizliklə məşğul olan, o cümlədən, monitorinq və profilaktika üzrə xidmətlər göstərən bir çox şirkət əldə etmişik. Bazarın hər iki seqmenti üçün Cybercrime, Cyberfront və Risk Recon kimi həllərimiz var. Bu həllər maliyyə müəssisələrini, həmçinin, onların müştərilərini, o cümlədən, korporasiyaları narahat edən təhdidləri aşkarlamağa kömək edir. Beləliklə, bu həlləri bank tərəfdaşlarımıza və onların müştərilərinə, o cümlədən müxtəlif sahələrdəki korporasiyalara təqdim edirik", - deyə o qeyd edib.

Rəqəmsal ödənişlərin təhlükəsizliyindən danışan Gürdal telefonla həyata keçirilən ödənişlərin bank kartları ilə edilən ödənişlər qədər təhlükəsiz olduğunu vurğulayıb.

"Təhlükəsizlik sistemində zəif məqamlar yoxdur. Lakin bilirik ki, kiberhücumların sayı bütün dünyada artmaqdadır. Mastercard yerlərdəki tərəfdaşlarımızı - ekvayrinq şirkətlərini dəstəkləyir. Xidmətlərimiz sayəsində iştirakçılarımız (banklar, qeyri-bank təşkilatları və Mastercard məhsulları təklif edən digər şirkətlər) özlərinin və bundan da əhəmiyyətlisi, səhmdarlarının təhlükəsizliyini təmin edə biləcəklər. Biz həlləri taparaq sınaqdan keçiririk. Əlaqədar sahələrdə qabaqcıl təhlükəsizliyi təmin edən məhsulları tətbiq edirik", - deyə o son olaraq bildirib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti