Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın təşkilat, müəssisə və qurumları qiymətli kağızlar bazarından 698 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov media brifinqində bildirib.
"Bu məbləğin 207 milyon ABŞ dolları cari ilin üçüncü rübünə təsadüf edir", – deyə S.Nəsirov qeyd edib.
Onun sözlərinə görə, qeyd olunan dövrdə Azərbaycanın xalis maliyyə aktivləri 1 milyard 390,9 milyon ABŞ dolları artıb.
"Doqquz ay ərzində bu artım xaricdəki birbaşa investisiyaların 584 milyon dollar artması ilə təmin olunub ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə azdır. Həmçinin portfel investisiyaları 724,5 milyon dollar artıb (9,6 dəfə çox), digər investisiyalar isə 82,4 milyon dollar artım göstərib", – deyə o vurğulayıb.
S.Nəsirov qeyd edib ki, cari ilin hesabat dövründə Azərbaycanın xalis maliyyə öhdəlikləri 2 milyard 179,6 milyon ABŞ dolları azalıb.
"Doqquz ay ərzində bu azalma aşağıdakı faktorlarla əlaqədardır: Azərbaycana cəlb olunan birbaşa investisiyaların 4 milyard 522,6 milyon dollar artması (ötən illə müqayisədə 3,4 faiz çox); cəlb olunan investisiyaların repatriasiyasının 4 milyard 758,2 milyon dollar azalması (6,9 faiz az); neft bonusunun 457,8 milyon dollar artması (2,8 faiz az); portfel investisiyalarının 960,6 milyon dollar azalması (38,8 faiz çox) və digər investisiyaların 1 milyard 441,2 milyon dollar azalması (ötən il artım qeydə alınmışdı)", – deyə o əlavə edib.