...

"Rabitəbank" ABŞ-ın investisiya fondu ilə 5 mln. dollarlıq kredit sazişi imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2008 12:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart / "TrendCap / "Rabitəbank" ABŞ-ın "WorldBusiness Capital Inc " (WBC) investisiya fondu ilə 10 il müddətinə 5 milyon dollarlıq kredit xətti barədə müqavilə imzalayıb. ABŞ-ın Xarici Özəl Sərmayələr Korporasiyası (Oversees Private İnvestment Corporation - OPİC) tərəfindən dəstəklənən razılaşma çərçivəsində 10 il müddətinə cəlb olunan vəsaitlər Azərbaycanda kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə sərf olunacaq. Bu barədə bankın çərşənbə günü yayılan məlumatında bildirilir.

Amerikanın investisiya şirkəti tərəfindən ayrılacaq kredit vəsaitləri "Rabitabank"ın mövcud və yeni müştərilərinin orta və kiçik biznes layihələrini maliyyələşdirməyə imkan yaradacq. OPİC-in dəstəklədiyi kredit xətti razılaşma ABŞ-ın məsləhətcı şirkəti tərəfindən təqdim olunan texniki yardım proqramı ilə müşayiət olunacaq, həmçinin aktiv və passivlərinin, o cümlədən risklərin idarə olunması kimi sahələrə yönəldiləcək" - deyə "Rabitəbank"ın İdarə Heyəti sədrinin müavini Elçin Qədimov bildirib.

"Biz ümid edirik ki, gələcəkdə WBC ilə yeni kredit xətləri istiqamətində əməkdaşlığımız daha da genişlənəcək" - deyə "Rabitəbank"ın İdarə Heyətinin sədr müavini Qədimov yeni sazişi şərh edərkən bildirib.

"Rabitəbank" Azərbaycanda orta və kiçik biznesin maliyyələşdirilməsində uzun müddətli təcrübəyə malikdir. Bankın hazırkı kredit portfelinin 40%-dən çox hissəsi orta və kiçik biznes kreditlərinə aiddir və bu cür kreditlərin maliyyələşdirilməsi məqsədilə bir necə maliyyə qurumlarından, o cümlədən Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və İslam İnkişaf Korporasiyasından (ICD) kredit xətləri cəlb olunub.

"Rabitəbank" Azərbaycanda 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin 29 fevral tarixinə bankın aktivləri 100 milyon dollar, məcmu kapitalı 16 milyon dollar təşkil edib. Hazırda bankın 15 filialı fəaliyyət göstərir ki, onların 6-sı Bakıda, 9-u isə ölkənin regionlarındadır.

"WorldBusiness Capital Inc" (WBC) -bütün dünya üzrə keçid igtisadiyyatlarında layihələri maliyyələşdirən maliyyə şirkətidir. 2003-cü ildə WBC xaricdə kiçik və orta biznesin maliyyələşdirilməsini dəstəkləmək məqsədilə OPİC-lə saziş imzalayıb.

Xarici Özəl Sərmayələr Korporasiyası (OPIC) - ABŞ hökuməti yanında 1971-ci ildə təsis edilən dövlət agentliyidir. Agentlik ABŞ-ın xarici dövlətlərdə sərmayə yatırımlarına yardım edir, yeni və inkişaf edən bazarlarda iqtisadi inkişafa və birbaşa xarici sərmayələrlə bağlı risklərin idarə olunmasında özəl sektora dəstək verir, habelə ABŞ hökumətinin xarici siyasətini dəstəkləyir. OPİC tərəfindən maliyyələşdirilmə və siyasi riskin sığortalanması müxtəlif ölçülü ABŞ şirkətlərinin 150-dən çox inkişaf edən bazarlara və dövlətlərə sərmayə yatırımlarına şərait yaradıb. 36 illik fəaliyyəti dövründə OPİC 164 milyard dollarlıq sərmayə ayırmaqla inkişaf edən dövlətlərdə 732 min iş yeri və 13 milyard dollarlıq gəlir yaranmasına təkan verib.

Xəbər lenti

Xəbər lenti