Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir S.Əliyev/
Bakıda İİB-in islam maliyyələşdirilməsi üzrə V "Qlobal sabitlik və inteqrasiya yollarında" qlobal forumun keçirilməsi İslam İnkişaf Bankının iştirakçısı olan ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafına təkan verəcək, eləcə də görüş çərçivəsində yeni sazişlərin imzalanması imkanlarının müzakirə edilməsinə imkan verəcək. Bu barədə bazar ertəsi Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.
"Dünyanın 23 ölkəsindən çoxlu sayda forum iştirakçısı - həm Azərbaycanın, həm də İİB-yə daxil olan ölkələrin investisya cəlbediciliyinin göstəricisdir", - Mustafayev bildirib.
Onun sözlərinə görə, bu günə Azərbaycanda investisiyaların ümumi həcmi 80 milyard dollardan artıqdır ki, onların yarısı xarici investisiyaların payına düşür.
"Bu, Azərbaycanın investisiya cəlbediciliyinin göstəricisi, MDB ölkələri arasında ən yaxşı göstəricilərdən biridir", - nazir bildirib.
Mustafayevin sözlərinə görə, Azərbaycanın belə investisiya cəlbediciliyinin bir çox səbəbləri mövcuddur, onlardan biri siyasi sabitliyin bərqərar olmasıdır.
2009-cu ildə İslam Konfransı Təşkilatı ölkələri ilə ticarətin xüsusi çəkisi 14,2 faiz, 2010-cu ilin ilk ayları ərzində isə 18 faiz təşkil edib.
"Dünya maliyyə böhranına baxmayaraq, Azərbaycanda iqtisadi artımın davam etməsi düşünülmüş iqtisadi siyasətlə, neft gəlirlərindən məqsədəuyğun istifadə, regionların və qeyri-neft sektorunun inkişafı ilə bağlıdır. Son beş il ərzində qeyri-neft sektoru 1,9 dəfə artıb", - nazir bildirib.
Mustafayevin sözlərinə görə, böhrana davamlılıq özəl sektorun inkişafından da asılıdır. Ölkədə ÜDM-in 85 faizi özəl sektorun hesabına formalaşır. Ölkədə operativ antiböhran tədbirləri həyata keçirilib, kiçik və orta sahibkarlığın (KOS) dəstəklənməsi üzrə işlər görülüb, 2009-cu ildə dövlət tərəfindən KOS üçün 160 milyon manat həcmində güzəştli kreditlər ayrılıb.
Nazirin sözlərinə görə, Azərbaycanın investisiya cəlbediciliyinin daha bir göstəricisi səmərəli biznes-mühitin yaradılmasıdır. Bu günədək 42 ölkə ilə investisiyaların müdafiəsi haqda saziş imzalanıb; daha 23 ilə müzakirələr aparılır. İkiqat vergidənyayınma haqda saziş 40 ölkə ilə imzalanıb, 14 ölkə ilə müzakirələr aparılır.
Nazir Azərbaycan iqtisadiyyatının investisiya prioritetlərini açıqlayıb. Onların arasında şaxələnməni, qeyri-neft sektorunun, infrastrukturların inkişafını, yol tikintisinin davam etdirilməsini, kənd təsərrüfatı sektorunun, İT sektorunun, turizmin, alternativ enerjinin, logistik mərkəzlərin və anbarların yaradılmasını, ekologiyanın inkişafını qeyd edib.