...

Azərbaycanın Aran iqtisadi rayonunun sahibkarlarına 35 güzəştli kredit verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2010 20:20 (UTC +04:00)
Sahibkarlığa Kömək Milli Fondu cümə günü səlahiyyətli kredit təşkilatları vasitəsilə Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 500 min manat məbləğində 35 güzəştli kredit verib.
Azərbaycanın Aran iqtisadi rayonunun sahibkarlarına 35 güzəştli kredit verilib

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu cümə günü səlahiyyətli kredit təşkilatları vasitəsilə Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 500 min manat məbləğində 35 güzəştli kredit verib. Bu barədə nazirliyin cümə günü yayılan məlumatında deyilir.

Ağdaş şəhərində və onun ətraf rayonlarındakı sahibkarlıq subyektləri arasında kredit resurslarının bölüşdürülməsi "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirləri çərçivəsində aparılıb. Tədbirdə Aran iqtisadi rayonunda fəaliyyət göstərən 350-yə yaxın sahibkar iştirak edib.

Verilən kreditlərin sayəsində 45-dən çox yeni iş yerinin açılması nəzərdə tutulub.

Tədbir iştirakçıları əvvəlcə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına güzəştli kredit almış Ağdaş rayonundakı "Türyancay" MMC-nin südlük istiqamətli 800 başlıq müasir heyvandarlıq kompleksində, Göyçay rayonunda "Paralel" MMC-nin 2 min tonluq soyuducu anbar kompleksində, İsmayıllı rayonunda "Bismak Qida Sənaye" MMC-nin 24 min tonluq və Qobustan rayonunda "İlk Aqrokom" MMC-nin 10 min tonluq taxıl anbarı komplekslərində aparılan tikinti işləri ilə tanış olublar.

SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kredit verilişi səlahiyyətli banklar və ümumi sayı 36 ədəd təşkil edən qeyri-bank təşkilatları vasitəsilə həyata keçirilir. 2009-cu ildə SKMF səlahiyyətli kredit təşkilatları vasitəsilə ümumi məbləği 30 milyon manat olmaqla 2100-dən çox kredit verib. Bununla da ötən il SKMF hesabına güzəştli kredit alan sahibkarların sayı 2008-ci illə müqayisədə 2,6 dəfə, kreditlərin həcmi isə 48 faiz artıb.

Fond 2010-cu ildə minimum 115 milyon manat həcmində güzəştli kredit ayırmağı planlaşdırır.

İyulun 16-na olan rəsmi məzənnə 0,8036 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti