...

Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyət sığortası üzrə büro yaradılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Yanvar 2011 16:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir İ.Xəlilova/

Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının inkişafı məqsədilə sığorta bürosunun yaradılması planlaşdırılır. Bu barədə cümə günü maliyyə nazirinin müavini Azər Bayramov deyib.

"Bu büro respublikadakı bütün avtonəqliyyat vasitələrinin mərkəzi bazası funksiyasını yerinə yetirəcək", - Bayramov qeyd edib.

Büro üzvləri avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyət sığortası üzrə xidmətlərin göstərilməsinə lisenziyaya malik sığorta şirkətləri olacaq. Büronun yaradılması "İcbari sığorta növləri haqqında" yeni qanunvericilikdə nəzərdə tutulub. Qanun Milli Məclisdə baxışdadır.

Büro iştirakçısı olan sığorta şirkətləri avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyət sığortası üzrə müqavilə çərçivəsində daxil olan sığorta haqlarının üç faizi məbləğində təqvim ödənişləri etməlidirlər. Təqvim ödənişləri hər rübdə hesabat dövrü başa çatandan sonra 15 gün ərzində büronun hesabına köçürülməlidir.

Sığorta halları üzrə təzminatların ödənilməsi üçün ehtiyat mənbələri sırasında büroya da təminat depoziti köçürülməlidir. Büroya üzv olmaq istəyən sığorta şirkətləri üzvlük haqqını - təminat depozitini vaxtında köçürməlidirlər. Onun məbləği Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən müəyyən edilir.

Qanun layihəsində sığorta tarifi müəyyənləşdirilən zaman avtonəqliyyat vasitəsinin növündən asılı olaraq diferensiallaşdırılmış yanaşma nəzərdə tutulur. Əmlak üzrə avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyət sığortasının ödəniş məbləği 5 min manat (hazırda 1 min manatdır), sağlamlığa 50 min manat (5 min manat) təşkil edəcək. Bu günə fəaliyyətin bu növü 1996-cı ilin qanunu ilə tənzimlənir.

"Bu gün sığortanın bu növü üzrə çox az daxilolmalar təmin edilir, əksər hallarda o, öz funksiyalarını yerinə yetirmir və formal xarakter daşıyır, - nazir müavini bildirib. - Bu problemlərin həlli üçün hətta məhkəmə araşdırmaları başa çatanadək sığorta halları üzrə təzminatların ödənilməsini təmin edəcək büronun yaradılması nəzərdə tutulub".

Bayramovun sözlərinə görə, belə büronun olması "Green Card" avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyət sığortası polislərinin qarşılıqlı tanınması üzrə beynəlxalq sistemə daxilolma prosesində də vacibdir.

Yanvarın 21-nə olan rəsmi məzənnə 0,7974 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti