Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir N.İsmayılova/
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) Azərbaycan bankı "Yapı Kredi Bank" QSC-nin ümumi məbləği 6,5 milyon manat olan sadə adlı sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Bu barədə QKDK-nın məlumatında deyilir.
Emissiyaya hər birinin nominal dəyəri 0,2 manat olan 324 968 952 səhm daxildir.
Bankın nizamnamə kapitalı 31,61 milyon manat təşkil edir, yeni emissiyanın yerləşdirilməsindən sonra isə bu məbləğ 38,11 milyon manata çatdırılacaq.
"Yapi Kredi Bank Azerbaijan" 1998-ci ildən Azərbaycanın bank sektorunda fəal iştirak edir. Hazırda bankın aktivləri 125 milyon dollara çatır. Bank 1500 hüquqi və 21 min fiziki şəxsə bank xidmətlərinin tam spektrini göstərir.
"Yapi Kredi Bank Azerbaijan" Türkiyənin "Yapi Kredi Banka" strukturunun törəmə müəssisəsidir. Türkiyənin "Yapi Kredi Banka" bankının səhmləri paritet əsasda Kos (Türkiyə) və UniCreditə (Beynəlxalq Moskva Bankının cari benefitsiarı; Mərkəzi və Şərqi Avropa bazarlarında millətlərarası bank qrupları arasında lider) verilib.
Formal olaraq, Kos türk bankı tərəfindən alınıb (Kos qrupu və UniCreditlə 50-50-yə bərabər sahibliklə birgə müəssisə).
Martın 19-da rəsmi məzənnə 0,7932 AZN/USD təşkil edir.