...

İngiltərənin məşhur “World Finance Review” jurnalı Azərbaycanın AzMeCo şirkətinin uğurları barədə yazıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyun 2012 09:42 (UTC +04:00)
İngiltərənin aparıcı maliyyə nəşrlərindən hesab olunan “World Finance Review” jurnalı son nömrəsində Azərbaycan Metanol Şirkəti (AzMeCo) haqda material dərc edib.
İngiltərənin məşhur “World Finance Review” jurnalı Azərbaycanın AzMeCo şirkətinin uğurları barədə yazıb

İngiltərənin aparıcı maliyyə nəşrlərindən hesab olunan "World Finance Review" jurnalı son nömrəsində Azərbaycan Metanol Şirkəti (AzMeCo) haqda material dərc edib.

Jurnalda nəşr edilən məqalədə Azərbaycanda son illər ərzində yer alan iqtisadi inkişafdan söz açılır və ölkəmizin makroiqtisadi islahatlar nəticəsində sabit inkişaf proqramı ilə irəlilədiyi bildirilir.

"Gələcək Üçün Təmiz Enerji" adlı məqalədə AzMeCo şirkətinin Azərbaycanda iri miqyaslı layihələri maliyyələşdirib həyata keçirdiyi diqqət önünə çəkilir. 2007-ci ildə əsası qoyulan AzMeCo şirkətinin dinamik inkişaf siyasəti yürüdərək Xəzər Dənizi hövzəsində beynəlxalq karbohidrogen investisiyaları ilə regionda ilk metanol zavodunun tikintisinə investisiya yönəltdiyi bildirilir.

Məqalədə AzMeCo şirkətinin Qaradağda tikilən metanol zavodunun ildə 561 min ton metanol istehsal etmək gücünə malik olacağı vurğulanır və qeyd olunur ki, gələcəkdə istehsal prosesində atmosferə atılan karbon dioksidinin (CO2) toplanması və utilizasiyası yolu ilə istehsal gücünun ildə 720 000 tona çatdırılması planlaşdırılır.

Jurnal AzMeCo-nun Azərbaycandakı metanol layihəsini unikal və yenilikçi adlandırır. Bildirilir ki, zavod hər şeydən əvvəl yüksək təhlükəsizlik standartlarına malikdir - zavodun üçqat təhlükəsizlik sistemi mövcuddur və o, 9 bal gücünə qədər zəlzələyə davam gətirə bilər. Jurnal bu faktın digər yerli sənaye müəssisələri üçün də yaxşı nümunə olduğunu və onları təhlükəsizlik və ekoloji cəhətdən təmiz istehsal proseslərini təmin etməyə sövq etdiyini qeyd edir.

Məqalədə həmçinin layihənin reallaşmasının Azərbaycanın iqtisadi inkişafına öz töhfəsini verəcəyi vurğulanır. Xüsusilə, layihənin Qaradağda neft-kimya klasterinin inkişafını stimullaşdıracağı, bunun da ölkədə daha çox investisiya qoyuluşlarına və yeni iş yerlərini yaranmasına şərait yaradacağı bildirilir.

AzMeCo Şirkətlər Qrupunun İcraçı Direktoru cənab Nəsib Piriyev jurnala müsahibəsində metanol zavodunun ilk növbədə ölkəmizin iqtisadiyyatına və qeyri-neft sektorunun inkişafına müsbət təsir göstərəcəyini qeyd edib. O, metanolun gələcəkdə alternativ enerji mənbəyi və benzin komponenti kimi Azərbaycanda da geniş şəkildə istifadə olunacağına ümid etdiyini bildirib.

Qeyd etmək lazımdır ki, Azərbaycan şirkəti haqda dünyanın aparıcı maliyyə nəşrlərindən birində belə materialın dərc edilməsi ölkəmizin dünyada müsbət imicinin möhkəmlənməsinə xidmət edir.

Xəbər lenti

Xəbər lenti