...

USAID, BP və onun tərafdaşları və Amerika Ticarət Palatasının Azərbaycandakı nümayəndəliyi gənclərin biznes təhsilinə dəstək verirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2012 17:21 (UTC +04:00)
USAID, BP və onun tərafdaşları və Amerika Ticarət Palatasının Azərbaycandakı nümayəndəliyi gənclərin biznes təhsilinə dəstək verirlər
USAID, BP və onun tərafdaşları və Amerika Ticarət Palatasının Azərbaycandakı nümayəndəliyi gənclərin biznes təhsilinə dəstək verirlər

Azərbaycan, Bakı, 6 dekabr /Trend/

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID), BP Azəri-Çıraq-Günəşli (AÇG), Bakı-Tbilisi-Ceyhan (BTC), Şah Dəniz, Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrdəki tərəfdaşları adından və Amerika Ticarət Palatasının Azərbaycandakı nümayəndəliyi (AmCham) ölkənin gələcək biznes liderlərinin peşəkar inkişafına dəstək olan "Gənclərin Biznes Liderlik Layihəsi"nin başlanmasını elan edirlər. USAID-in bu gün Bakıda təşkil etdiyi mərasimdə USAID/Azərbaycan missiyasının direktoru cənab Maykl Qrin, BP şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə ünsiyyət, xarici əlaqələr və təhlükəsizlik məsələləri üzrə vitse-prezidenti cənab Hüseyn Məmmədov və Amerika Ticarət Palatasının Azərbaycandakı nümayəndəliyinin direktoru xanım Nərgiz Nəsrullayeva-Müdüroğlu yeni təşəbbüsün başlanmasına dair "Anlaşma Memorandumu" imzaladılar.

İki il davam edəcək "Gənclərin Biznes Liderlik Layihəsi"nin əsas məqsədi tələbələr üçün müxtəlif özəl şirkətlərdə əvəzolunmaz iş təcrübəsi əldə etmək imkanı yaradaraq, onların biznes və idarəetmə bacarıqlarını inkişaf etdirib, gələcəkdə biznesdə lider olmağa ruhlandırmaqdır. Layihə çərçivəsində tələbələr biznesdə uğur qazanmış iş adamlarının mentorluğu sayəsində öz karyeralarının planlaşdırılması üzrə dəyərli bilik və bacarıq əldə edəcəklər. Layihə daxilində Bakı və Gəncə ali məktəblərinin 3-cü və 4-cü kurslarında təhsil alan 120 tələbə iş təcrübəsi əldə etmək imkanı qazanacaq. Layihənin iştirakçıları üçün iş təcrübəsi keçmək imkanlarının müəyyən edilməsinə Amerika Ticarət Palatasının Azərbaycandakı Nümayəndəliyi dəstək olacaq.

Mərasimdə çıxış edən USAID/Azərbaycan Missiyasının Direktoru cənab Maykl Qrin USAID ilə Junior Achievement Azərbaycan təşkilatının uzunmüddətli əməkdaşlığı və USAID-in maliyyə dəstəyilə həyata keçirilən proqramların Azərbaycanda iqtisadi-biznes tədrisinə göstərdiyi təsiri barədə söz açdı. Cənab Qrin bildirdi ki, "layihə vasitəsilə tələbələr ali məktəbdə öyrəndikləri bilikləri həqiqi iş mühitində tətbiq edəcək, təhsildə və karyerada daha da uğurlu olmaq üçün zəruri bilik və bacarıqları öyrənəcəklər".

Tədbirdə iştirak edən ABŞ-ın Azərbaycandakı Səfiri cənab Riçard Morninqstar öz çıxışında gələcək biznes liderlərin Azərbaycanın iqtisadi inkişafında zəruri yer tutduğuna toxundu.

BP şirkətinin vitse-prezidenti cənab Hüseyn Məmmədov öz çıxışında bildirdi: "Biz Azərbaycanın gələcək biznes liderlərinin peşəkar təliminə dəstək vermək imkandan çox məmnunuq. Əslində bu təşəbbüs Azərbaycanda təhsilin inkişafına göstərdiyimiz davamlı dəstəyin bir hissəsidir. Biz Azərbaycanda 20 ildir ki, fəaliyyət göstəririk və bu illər ərzində şirkətimiz həm ayrılıqda, hım də öz biznes tərəfdaşları ilə birlikdə gənclər üçün davamlı inkişaf imkanlarının yaradılmasına yönəlmiş çox mühüm təhsil layihələrini dəstəkləyib. İnanırıq ki, bu gün başladığımız layihə biznes və idarəetmə sahəsində təhsil alan 120 tələbə üçün bu cür imkanlar yaratmaqla onların özlərini gələcəkdə yerli və beynəlxalq şirkətlərdə karyeraya hazırlamaq səylərinin mühüm hissəsinin təşkil edəcək."

Layihənin ümumi büdcəsi 200000 ABŞ dollarıdır; onun 100000 ABŞ dollarını BP və onun AÇG, BTC, Şahdəniz və CQBK layihələrdəki tərəfdaşları, qalan 100000 ABŞ dollarını isə USAID ödəyəcək. Layihə yerli qeyri-hökumət təşkilatı olan Junior Achievement Azərbaycan tərəfindən həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti