...

Salyan və ətraf rayonlardan olan 49 sahibkara 1,3 milyon manat güzəştli kredit verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyul 2014 14:39 (UTC +04:00)
İyulun 10-da İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Salyan rayonunun Qardili kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirmişdir.
Salyan və ətraf rayonlardan olan 49 sahibkara 1,3 milyon manat güzəştli kredit verilib

Azərbaycan, Bakı, 10 iyul /Trend/

İyulun 10-da İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Salyan rayonunun Qardili kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirmişdir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, işgüzar forumun keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Salyanda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.

80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Salyan rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış "yaşıl market"in, müasir ət kəsimi müəssisəsinin, 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının, kiçik və ya orta həcmli üzümçülük təsərrüfatlarının, kiçik meyvəqurutma və plastik qapı-pəncərə istehsalı müəssisələrinin, iri taxılçılıq və intensiv bağçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, 2014-cü ilin ötən dövrü ərzində 2676 sahibkara 129,6 milyon manat güzəştli kredit verilmişdir ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 6000-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilmişdir ki, ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 8274 investisiya layihəsinin maliyyələşdirilməsinə 355,9 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan kənd təsərrüfatı üzrə logistik mərkəzlərin, quşçuluq fabriklərinin, çörək zavodlarının, meyvə, ət və süd emalı müəssisələrinin, üzümçülük, intensiv bağçılıq, tingçilik və toxumçuluq təsərrüfatlarının, tikinti materiallarının istehsalı müəssisəsinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmiş, 30 mindən çox yeni iş yerinin açılması imkanı yaradılmışdır.

İşgüzar forum çərçivəsində Salyan və ətraf rayonlardan olan 49 sahibkara 1,3 milyon manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən, heyvandarlıq, üzümçülük, quşçuluq və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 100-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq.

İşgüzar forumda sahibkarlarla müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında investisiya layihələri barədə işgüzar müzakirələr aparılmışdır.

Forum çərçivəsində Salyan rayonunda güzəştli kredit ayrılmış heyvandarlıq təsərrüfatlarına baxış keçirilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti