...

Azərbaycan Tacikistana investisiyaya ehtiyac duyulan konkret sahələr üzrə layihələri təqdim etməyi təklif edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Avqust 2014 19:55 (UTC +04:00)
Tacikistanın İnvestisiya və Dövlət Əmlakının İdarə olunması Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kodiri Kosim Azərbaycanın bu ölkədəki səfiri Abbasəli Həsənovla görüşüb.
Azərbaycan Tacikistana investisiyaya ehtiyac duyulan konkret sahələr üzrə layihələri təqdim etməyi təklif edib

Azərbaycan, Bakı, 1 avqust /Trend/

Tacikistanın İnvestisiya və Dövlət Əmlakının İdarə olunması Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kodiri Kosim Azərbaycanın bu ölkədəki səfiri Abbasəli Həsənovla görüşüb.

Azərbaycanın Tacikistandakı səfirliyindən Trend-ə verilən məlumata görə, görüşdə ölkə prezidentləri Emoməli Rahmon və İlham Əliyev arasında səmimi münasibətlərin olmasının ikitərəfli əlaqələrin daha yüksək səviyyəyə qaldırılmasına müsbət təsir göstərdiyi məmnunluq hissi ilə vurğulanıb.

K.Kodiri Komitənin fəaliyyət sahələri, əməkdaşlıq əlaqələri, Tacikistanda həyata keçirilən yerli və regional layihələr barədə qısa məlumat verib. Türkmənistan-Əfqanıstan-Tacikistan dəmiryolu ilə bağlı bildirib ki, Türkmənistan tərəfi tikintini başa çatdırıb. Əfqanıstan tərəfinin tikintisini Dünya Bankı öz üzərinə götürüb. Tacikistan hökuməti isə nəqliyyat sahəsində olan problemləri tezliklə aradan qaldırmaq üçün məqsədyönlü iş aparır. Bunun üçün adıçəkilən dəmiryolun tikintisi ilə bağlı beynəlxalq maliyyə qurumları ilə müntəzəm danışıqlar aparılır və bu sahədə müəyyən irəliləyişlər əldə edilib.

A.Həsənov bu il Düşənbədə Azərbaycan və Tacikistan iş adamlarının iştirakı ilə biznes forumun, Azərbaycan sənaye məhsullarının sərgisinin təşkilinin, eləcə də Azərbaycan-Tacikistan İqtisadi-Ticarət, Mədəni Əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyasının III iclasının keçirilməsinin planlaşdırıldığını qeyd edib.

Səfir investisiya qoyuluşu sahəsində əməkdaşlığı daha da genişləndirmək məqsədilə Tacikistan tərəfindən investisiyaya ehtiyac duyulan konkret sahələrə dair layihələrin baxılması üçün Azərbaycan tərəfinə təqdim edilməsini xahiş edib.

A.Həsənov Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqlə davam etdirilməsinin nəticəsi olaraq Azərbaycanın nail olduğu inkişaf göstəricələri barədə danışıb, Azərbaycanın regionun lider dövlətinə çevrildiyini konkret faktlarla açıqlayıb. O, 1994-cü ildən bəri Azərbaycan iqtisadiyyatına 150 milyard dollar sərmayə qoyulduğunu, bunun yarıdan çoxunun milli investisiya təşkil etdiyini bildirib.

K.Kodiri bildirib ki, Tacikistan tərəfi Azərbaycanın dinamik inkişafını, əldə etdiyi uğurları mətbuatdan izləyir: "Azərbaycanda gedən inkişaf prosesləri bizi çox sevindirir".

Komitə sədri Tacikistanda xarici investisiya üçün əlverişli şərait yaradıldığını, qanunvericilik bazasının formalaşdırıldığını ("İnvestisiya haqqında" qanun, "Beynəlxalq müqavilələr haqqında" qanun, Vergi və Gömrük məcəllələri və s.) və işçi qüvvəsinin mövcud olduğunu qeyd edib.

K.Kodiri geologiya sahəsinin əməkdaşlıq üçün xüsusi əhəmiyyət kəsb etdiyini, Tacikistanın yeraltı sərvətlərinin xarici investisiya üçün cəlbedici olduğunu, dünyanın 250-dən çox şirkətinin bu sahəyə maraq göstərdiyini, onlardan bir neçəsinin artıq bu sahədə fəaliyyətə başladıqlarını qeyd edib. O, həmçinin Tacikistanın 525 milyard kv/s hidroenerji ehtiyatlarına malik olmasına baxmayaraq, cəmisi 3%-dən istifadə edildiyini bildirib.

Komitə sədri Tacikistanda bu gün dünyanın bir çox ölkələrindən şirkətlərin fəaliyyət göstərdiyini, lakin onların içərisində ÇXR şirkətlərinin çevikliyi ilə fərqləndiyini qeyd edib.

Sonda səfir A.Həsənov K.Kodiriyə səfirliyin dəstəyi ilə tacik dilinə tərcümə etdirilərək nəşr edilmiş yazıçı-publisist E.Axundovanın ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən 7 cildlik "Heydər Əliyev: Şəxsiyyət və zaman", N.Zinkoviçin "Həyatın keşməkeşləri" kitablarını təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti