...

Milli Məclis bir sıra qanunlara və Vergi Məcəlləsinə dəyişiklikləri qəbul edib (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2016 16:26 (UTC +04:00)
Milli Məclis bu gün "Əmanətlərin sığortalanması haqqında", "Valyuta tənzimi haqqında" və "Əmanətlərin tam sığortalanması haqqında" qanunlara, eləcə də Vergi Məcəlləsinə dəyişiklikləri qəbul edib.
Milli Məclis bir sıra qanunlara və Vergi Məcəlləsinə dəyişiklikləri qəbul edib (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 14:21-də yayılıb)

Bakı. Azad Həsənli - Trend:

Milli Məclis bu gün "Əmanətlərin sığortalanması haqqında", "Valyuta tənzimi haqqında" və "Əmanətlərin tam sığortalanması haqqında" qanunlara, eləcə də Vergi Məcəlləsinə dəyişiklikləri qəbul edib.

Trend-in məlumatına görə, "Əmanətlərin tam sığortalanması haqqında" qanuna əsasən, Əmanətlərin Sığortalanması Fondunun üzv banklarında əhalinin əmanətləri depozitin məbləğindən asılı olmayaraq 3 il müddətinə sığortalanıb.

Vergilər Məcəlləsinə edilmiş dəyişikliklərə müvafiq olaraq, fevralın 1-dən etibarən 3 il müddətində yerli bank və xarici bankın Azərbaycanda fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, faiz gəlirləri vergi ödənişindən azad edilir.

Bundan başqa, "İnvestisiya təşviqi sənədi"ni almış fərdi sahibkar həmin sənədi aldığı andan əldə etdiyi gəlirin və hüquqi şəxsin həmin sənədi aldığı andan əldə etdiyi mənfəətin 50%-i 7 il müddətinə gəlir vergisindən azad edilir.

Həmçinin bu məcəlləyə edilən əlavələrə görə, "İnvestisiya təşviqi sənədi"ni almış hüquqi şəxslər və fərdi sahibkar tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı - "İnvestisiya təşviqi sənədi"ni aldığı andan 7 il müddətinə, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı - 2016-cı il yanvarın 1-dən 1 il müddətinə vergi ödənişindən azad edilir.

Vergilər Məcəlləsinə əlavə edilmiş yeni maddəyə görə isə, "İnvestisiya təşviqi sənədi"ni almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı andan müvafiq əmlakına görə 7 il müddətinə əmlak vergisini ödəməkdən azaddır.

Bundan sonra Azərbaycanda xaricə il ərzində 50 min dolları ötən pul köçürmələrinə 20 faiz həcmində icbari yığım tətbiq edilir. Bunu "Valyuta tənzimi haqqında" qanuna dəyişikliklər nəzərdə tutur.

Dəyişiklilərə əsasən, bu, müalicə və təhsil xərcləri, xarici ölkələrin məhkəmə və hüquq-mühafizə orqanlarının qərarlarının icrası ilə bağlı xaricə pul köçürmələrinə şamil edilməyəcək.

20 faiz həcmində icbari yığım qiymətli kağızların, daşınmaz əmlakın və torpaq sahələrinin alınması, eləcə də Azərbaycan şirkətlərinin xarici nümayəndəliklərinin saxlanılması üçün birbaşa investisiya qismində çıxarılan valyutaya da aid ediləcək.

Bu yenilik əsas kapitalda dövlət payı 50 faizi ötən hüquqi şəxslərə şamil edilməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti