Azərbaycan, Bakı / Trend müxbir S.Əliyev/ "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyəti oktyabrın 12-də Azərbaycan qazının Gürcüstana ixracını dayandıracaq. Bu barədə çərşənbə günü "Azqaznəql" İstehsalat Birliyinin ("Aztransqaz" İB) rəhbəri Zaman Çələbiyev məlumat verib. İxracın davam etdirilməsi Azərbaycan və Gürcüstan hökuməti arasında danışıqlar mövzusudur.
"Biz qazın nəqlini dayandıracağıq. Qazın gələcək nəqli hökumətlərarası səviyyədə qəbul olunacaq qərardan asılı olacaq" - deyə o bildirib.
Onun sözlərinə görə, oktyabrın əvvəlindən sutkada 1,3-1,5 mln. kubmetr Azərbaycan qazının Gürcüstana nəqli bərpa olunub. Qaz Gürcustana 1000 kubmetr üçün 120 dollar dəyərində satılır (Gürcüstan Rusiya qazının 1000 kubmetrini 235 dollara alır). Azərbaycan hasil etdiyi qaz hesabına Gürcustanın qaza olan ehtiyacının demək olar ki, yarısını ödəyir.
Çələbiyevin verdiyi məlumata görə, ilin sonuna qədər Azərbaycanın Gürcüstana qaz nəql etdiyi kəmərdə bərpa işləri aparılacaq. Bərpa işlərindən sonra kəmərin ötürmə qabiliyyəti sutkada 3 mln. kubmetrə qədər artırılacaq (hazırda kəmərin ötürmə qabiliyyəti 1,5 mln. kubmetrlən çoxdur). Gələn ilin sonlarına qədər əlavə işlərin aparılması sayəsində kəmərin ötürmə qabiliyyəti 8-10 mln. kubmetrə qədər artırılacaq.
Hazırda Gürcüstana "Şahdəniz" yatağından sutkada təxminən 1 mln. kubmetr qaz nəql edilir.